Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
20 Jun 2026, 18:27 2 baxış 1 dəq oxuma
Rusiyanın Krasnodar şəhərində çoxfunksiyalı xidmət mərkəzinə (MFC) maçete ilə silahlanmış şəxsin hücumu nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.
Hadisə West Mall ticarət mərkəzində yerləşən MFC-də baş verib.
Məlumata görə, gənc şəxs mərkəzə daxil olaraq orada olan insanlara hücum edib. İlkin məlumata əsasən, bir nəfər hadisə yerində həyatını itirib, beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunu saxlayıblar.
Hadisənin motivləri və digər təfərrüatlar araşdırılır.