Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - "Belə özbaşınalıq olmaz" - VİDEO
20 Jun 2026, 21:44 3 baxış 2 dəq oxuma
İyunun 19-da Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən motosiklet uşaq arabasında olan 3 yaşlı Atilla Rafail oğlu Bağırovu vurub. Hadisə nəticəsində azyaşlı dünyasını dəyişib.
Yaşayış kompleksinin sakinləri ərazidə motosikletlərin yaratdığı təhlükədən ciddi narahatlıqlarını ifadə ediblər. Onlar motosiklet sürücülərinin qayda pozuntularından və vətəndaşların həyatını riskə atmalarından şikayətçidirlər.
"Dünən biri körpə uşağı vurub öldürdü. Biz artıq onların əlindən bezmişik. Belə özbaşınalıq olmaz", - vətəndaşlardan biri Baku TV-yə bildirib.
Digər bir sakin isə qeyd edib: "Evdə uşaqlar motosikletlərin səsindən qorxurlar. Bu ərazi elə bil Bombeydir".
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadə bildirib ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu nəqliyyat vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir: "Cari ilin ilk 5 ayı ərzində respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri ucbatından baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb".