"ABŞ və İran arasında əldə olunan ilkin razılaşma İsraildə kəskin tənqidlərə səbəb olub...."
 




ABŞ prezidenti Donald Trampın İranla əldə etdiyi ilkin razılaşma İsraildə ciddi narazılıq doğurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
 
İsrail sazişdən narazıdır
 
Nəşrin məlumatına görə, İsraildə sazişə reaksiya "ağrılı boşanmanı" xatırladır. Tənqidçilər hesab edir ki, razılaşma nə İsrailin hərbi məqsədlərinə çatmasına imkan verir, nə də İranın regiondakı təsirini məhdudlaşdırır. Ekspertlərin fikrincə, Tehran müharibədən sonra mövqelərini qoruyub saxlayıb, ABŞ qoşunlarının bölgədən çıxarılması isə İrana özünü qalib kimi təqdim etmək imkanı yaradır.
 
Əsas narahatlıq nüvə proqramıdır
 
Məqalədə vurğulanır ki, saziş İranın raket proqramına və "Hizbullah" kimi müttəfiqlərinə dəstəyinə toxunmur. Eyni zamanda, sanksiyaların yumşaldılması nəticəsində Tehranın əldə edə biləcəyi vəsaitlərin gələcəkdə raket istehsalına və silahlı qrupların maliyyələşdirilməsinə yönələ biləcəyi qeyd olunur.
 
İsrail üçün əsas narahatlıq doğuran nüvə proqramı məsələsi isə sonrakı danışıqlara saxlanılıb. Keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror sazişi "amerikalıların pul ödəyib əvəzində yalnız niyyət məktubu alması" kimi qiymətləndirib. "The Times of Israel" nəşrinin redaktoru David Horovits isə onu "fəlakətli kapitulyasiya" adlandırıb.
 
Tramp-Netanyahu münasibətləri sual altındadır
 
Baş nazir Binyamin Netanyahu ehtiyatlı mövqe nümayiş etdirərək İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bəyan edib. Bununla yanaşı, İsraildə Trampın siyasətinə və Netanyahunun ABŞ lideri ilə münasibətlərinə dair sualların artdığı bildirilir.
 
Keçmiş milli təhlükəsizlik rəsmisi Çak Freylixin sözlərinə görə, İran ABŞ-ın təzyiqlərinə tab gətirib, raket imkanlarını qoruyub və nüvə məsələsində konkret öhdəlik götürməyib. Bu səbəbdən bir çox israilli ekspert baş verənləri Tehranın diplomatik uğuru kimi dəyərləndirir.