DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar təşkil edəcək
21 Jun 2026, 08:26 3 baxış 3 dəq oxuma
İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.
DİM-dən Moderator.az-a bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda mayın 25-27-də qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər.
Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə mayın 25-26-da təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər.
İmtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.
Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda 365 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 6 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.