Ukraynanın dron texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər Rusiyanın uzun müddət arxalandığı say və atəş gücü üstünlüyünü zəiflədib.
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
Rusiyanın hücum tempi niyə zəifləyir?
Nəşr yazır ki, Moskva 2022-ci ildən bəri canlı qüvvə və silah üstünlüyü hesabına irəliləməyə çalışsa da, Kiyev uzaqmənzilli dronlarla Rusiyanın hərbi hava limanlarını, texnika kolonlarını və neft emalı zavodlarını yüzlərlə kilometr dərinlikdə vurmağa başlayıb. Bu arada, cəbhədə də Rusiya ordusunun irəliləyiş tempi azalıb.
Bu ilin fevral-may aylarında rus qüvvələri cəmi 164 kvadratkilometr ərazi ələ keçirib. Ötən ilin eyni dövründə isə bu göstərici 1151 kvadratkilometr olmuşdu. Finlandiyalı hərbi analitik Emil Kastehelmi hesab edir ki, Rusiyanın hazırkı taktikası böyük uğurlar əldə etməyə imkan vermir və Moskva yeni həll yolları tapa bilmir.
Dronlar müharibənin qaydalarını dəyişir
Nəşr qeyd edir ki, əvvəllər yaz aylarında fəallaşan Rusiya hücumları bu il gözlənilən nəticəni vermir. Rus hərbçiləri kiçik qruplarla Ukrayna müdafiəsində boşluqlar axtarsalar da, dronlarla zəngin döyüş meydanında bu taktikanın effektivliyi azalır. Məqalədə adı açıqlanmayan hərbi mənbənin sözlərinə görə, müharibənin xarakteri dəyişir və artıq əsas rol canlı qüvvədən çox texnologiyaya məxsusdur.
Dron müharibəsi Rusiyanın insan resursları üstünlüyünü də zəiflədir. Ukrayna tərəfi bildirir ki, son aylarda Rusiya itkilərini əvvəlki sürətlə kompensasiya edə bilmir. Bununla yanaşı, Ukrayna dronları Krıma gedən təchizat marşrutlarına zərbələr endirərək Rusiyanın logistikasını çətinləşdirir.
Kreml texnoloji yarışda geri qalır
Ukraynalı hərbçilərin sözlərinə görə, dron hücumları nəticəsində yanacaq və sursat daşınmasında problemlər yaranır, rus bölmələri isə daha gizli marşrutlardan istifadə etməyə məcbur olur. Moskva cavab olaraq dron bölmələrinə yeni kadrlar cəlb etməyə çalışsa da, "Financial Times" Rusiya müdafiə sənayesinin artıq imkanlarının son həddində işlədiyini yazır.
Məqalədə bildirilir ki, Putin Ukraynanın istifadə etdiyi "Starlink" sisteminə alternativ yaradılması məsələsini şəxsən nəzarətdə saxlayır. Lakin müdafiə naziri Andrey Belousov hazırda belə sistemlərin sayının cəmi 16 olduğunu etiraf edib və bu, Kremlin özündə də narazılıq doğurub.
Nəşrin qənaətinə görə, müharibənin yeni mərhələsində üstünlüyü artıq yalnız canlı qüvvə və artilleriya deyil, texnologiya müəyyən edir. Hazırda isə bu sahədə təşəbbüsün mühüm hissəsi Ukraynanın əlindədir.