“Olavio Juninyo ilə Portuqaliyanın “Şaveş” klubunda təxminən 3 il komanda yoldaşı olmuşuq. Hətta o, “Qarabağ”a gəldikdən sonra da daim əlaqədə idik. Klub barədə mənə məlumat verirdi. “Qarabağ”dan təklif alanda ilk danışdıqlarımdan biri Juninyo oldu. O mənə dedi ki, gözüyumulu, rahatlıqla “Qarabağ”a gedə bilərsən”.
 




Moderator.az bildirir ki, bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın mozambikli futbolçusu Bruno Lanqa transferi barədə danışarkən deyib.
 
28 yaşlı müdafiəçi Azərbaycana gəlişində “Qarabağ”ın sabiq futbolçusu və keçmiş komanda yoldaşı Juninyonun da rolunun olduğunu bildirib:
 
“Qarabağ”a transferim çox ani oldu. Çünki hər şey çox tez baş verdi. Ümumiyyətlə, hər bir futbolçunun arzusu böyük klublarda oynamaqdır. “Qarabağ” da belə klublardan biridir. Buna görə də qərar verərkən çox düşünmədim. Juninyo mənə həmçinin çempionat haqqında da məlumat vermişdi”.
 
Lanqa başqa təkliflərinin də olduğunu, lakin Ağdam təmsilçisinin keçiddə daha israrlı davrandığını vurğulayıb:
 
“Transfer pəncərəsi açıldıqdan sonra bir çox klubdan təklif aldım. Amma onların arasında “Qarabağ” ön planda idi. Sanki məni daha çox istəyirdilər. Buraya gəlmişəm və öz oyunumla bunun qarşılığını verməliyəm”.
 
Mozambikli futbolçu keçidinin məşhur insayder Fabritsio Romano tərəfindən paylaşılması ilə bağlı maraqlı bir məqamı da açıqlayıb:
 
“Onunla heç bir tanışlığım yoxdur. Jurnalistdir və bu barədə yazmaq onun işidir. Artıq ikinci dəfədir ki, mənimlə bağlı paylaşım edir. Birinci dəfə “Almeriya”ya keçidim zamanı olmuşdu. Həmin vaxt mən hələ İspaniyaya getməzdən əvvəl bu xəbəri paylaşmışdı. Amma “Qarabağ”a keçidimlə bağlı yazanda artıq mən klubun düşərgəsində idim. Bir az gecikdi (gülür – red.)”.
 
Qeyd edək ki, Bruno Lanqa bu ilin ilk yarısını icarə əsasında Portuqaliyanın “Eştrela” klubunda keçirib. O, karyerası ərzində Mozambikdə “Blek Bullz” və “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş” və “Eştrela”, Kiprdə “Pafos”, İspaniyada isə “Almeriya” klublarının formasını geyinib.
Lanqa “Qarabağ”la 3 illik müqavilə imzalayıb.