Mükafat qalmaqalı Polşa-Ukrayna münasibətlərinin həssas məqamlarını üzə çıxarıb...




 
Polşa prezidenti Karol Navrotskinin Ukrayna lideri Vladimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatından məhrum etmək qərarı Varşava-Kiyev münasibətlərində yeni gərginlik yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
"Ağ Qartal" qalmaqalı yeni mərhələyə keçdi

Nəşr yazır ki, Polşa prezidenti Karol Navrotski Vladimir Zelenskinin "Ağ Qartal" ordenindən məhrum edildiyini açıqlayıb. Bu qərar Ukrayna rəhbərinin bir hərbi hissəyə "UPA Qəhrəmanları" (UPA-Ukrayna Üsyançı Ordusu - red.) adının verilməsi barədə sərəncamından sonra qəbul olunub. Nəşr yazır ki, məsələ təkcə rəmzi addım deyil və həm Polşanın daxili siyasətinə, həm də Ukrayna-Polşa münasibətlərinə ciddi təsir göstərə bilər.
 
Kiyev və Varşavada siyasi və diplomatik dalğalanma
 
Qərarın hüquqi qüvvəsi ilə bağlı fikir ayrılıqları var. Bir qrup hüquqşünas bunun üçün baş nazir Donald Tuskun təsdiqinin lazım olduğunu bildirir, digərləri isə prezidentin bunu təkbaşına edə biləcəyini deyir.

Eyni zamanda qərar Ukraynada narazılıq doğurub. Bir sıra siyasətçilər və rəsmilər Polşa dövlət mükafatlarından imtina etdiklərini açıqlayıblar. Ukrayna XİN rəhbəri Andrey Sibiqa, Prezident Ofisinin rəhbəri Kirill Budanov və Polşadakı səfir Vasili Bodnar bu addımı atanlar arasındadır.
 
Qalmaqalın Avropa miqyasında rezonansı
 
Ekspertlər hesab edir ki, bu hadisə Ukrayna-Polşa münasibətlərində yeni böhran mərhələsinə çevrilə bilər. Polşada Ukraynaya dəstəyin məhdudlaşdırılması və Kiyevin Avropa İttifaqına inteqrasiya prosesinin ləngidilməsi ilə bağlı çağırışlar güclənir.

Eyni zamanda qalmaqal Fransa siyasətinə də təsir edib. Qabriel Attal ilə Jordan Bardella arasında Ukrayna və Polşa mövzusunda sərt polemika yaşanıb. Mübahisə Polşa prezidentinin qərarından sonra başlayıb və nəticədə Avropada daha geniş siyasi debatın tərkib hissəsinə çevrilib.