İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarı məlum olub. Tamamilə ədalətsiz və qərəzli olan qərarda beynəlxalq hüququn müddəaları kobud şəkildə pozulub, məsələyə hüquqi deyil, daha çox siyasi aspektdən yanaşılıb. Məhz belə olduğu üçün də məlum qərar İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsagərov tərəfindən sərt etiraza səbəb olub. Çingiz Əsgərov qeyd edib ki, Avropa Məhkəməsinin sözügedən qərarından müvafiq qaydada şikayət ediləcək, hüquqi müstəvidə gərəkli addımalr atılacaq:
“...qərar yalnız Ermənistan tərəfinin təqdim etdiyi narratividəstəkləyən ehtimallar üzərində qurulmuşdur. Kompensasiya ilə bağlı qərar da qətiyyən qəbuledilməzdir. Məhkəmə kompensasiyanı zərərçəkmişlərə birgə şəkildə deyil, eyni ailənin hər üzvünə ayrıca təyin etməklə oxşar işlərdə formalaşmış əvvəlki məhkəmə təcrübəsindən kənara çıxmışdır. Bu isə qərarın Məhkəmənin öz presedent hüququnun ardıcıl və prinsipial tətbiqi əsasında deyil, emosional və birtərəfli yanaşma əsasında qəbul edildiyi təəssüratını yaradır. Xüsusilə vurğulanmalıdır ki, Avropa Məhkəməsinin Azərbaycan Respublikasının dövlət suverenliyinə və qanuni maraqlarına hörmətsizlik göstərilməsinə İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi tərəfindən dəfələrlə etirazlar bildirilmiş, lakin Avropa Məhkəməsinin bu təcrübəsi davam etdirilməkdədir. Avropa Məhkəməsinin bu cür qərarları belə təəssürat yaradır ki, Avropa Məhkəməsi AŞPA-nın çirkin oyunlarına qoşularaq, Azərbaycan Respublikası tərəfindən öz ərazilərinin erməni işğalından azad edilməsi ilə barışa bilmir və hər vəchlə Azərbaycan dövlətindən və xalqından qısasını almağa çalışır. Bu cür təcrübə beynəlxalq məhkəmənin şəffaflığı, qərəzsizliyi, ədalətliliyi və mötəbərliyi ilə bağlı ciddi şübhələr doğurur və bununla bağlı müvafiq addımlar atılacaq”.
Məlumat üçün qeyd edək ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarının ədalətsiz və hüquqazidd olduğuna dəlalət edən çoxsaylı faktlar var ki, bunlardan sadəcə biri – Avropa Məhkəməsinin Azərbaycan Silahlı Qvvələrinin tarixin zibilliyinə göndərdiyi qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) məlumatlarına istinad etməsidir. Avropa Məhkəməsinin dünyanın heç bir dövləti – hətta Ermənistan tərəfindən belə tanınmayan qondarma DQR-in əldəqayırma “instansiyalarına” istinad etməsi, bu qərarın sadəcə hüquqi deyil, həm də əxlaqi baxımdan yolverilməz, qəbuledilməz olduğunu göstərir. Avropa Məhkəməsinin öz qərarında DQR-in özü kimi qondarma instansiyalarının məlumatlarına istinad etməsi bu qurumun mənəvi-əxlaqi baxımdan böhran yaşadığından xəbər verir. Bu isə o deməkdir ki, Avropa Məhkəməsi yaşadığı hüquqi-əxlaqi tənəzzülə son qoymasa, yaxın gələcəkdə Azərbaycanla yanaşı, digər ölkələr də ədalətsiz və qərəzli yanaşmalara məruz qalacaq.
Seymur ƏLİYEV