Almaniyada milyonlarla avroluq səhv: Diplomatlar və hərbçilər artıq pul alıblar
21 Jun 2026, 21:27 3 baxış 2 dəq oxuma
Hesablamalarda yol verilən səhv nəticəsində xaricdə çalışan alman diplomatları və hərbçiləri bir il ərzində onlara nəzərdə tutulduğundan artıq məbləğdə ödəniş alıblar.
Moderator.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Məlumata görə, artıq ödənilmiş vəsaitin ümumi məbləği təxminən 5 milyon avro təşkil edir.
Almaniyanın xaricdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşlarına və hərbçilərinə əməkhaqqı ilə yanaşı, əlavə kompensasiya da ödənilir. Bu kompensasiyanın məbləği fəaliyyət göstərilən ölkədə yaşayış xərcləri, inflyasiya səviyyəsi və digər amillər əsasında müəyyənləşdirilir. Berlinlə müqayisədə həmin ölkədə həyat nə qədər bahadırsa, kompensasiya da bir o qədər yüksək olur. Ödənişlərin yenidən hesablanması hər il iyulun 1-də həyata keçirilir və buna Almaniya Xarici İşlər Nazirliyi cavabdehdir.
"Der Spiegel"in yazdığına görə, nazirlik hesablamaların aparılması üçün adətən "Mercer" konsaltinq şirkətinin xidmətlərindən istifadə edir. Lakin 2025-2026-cı illər üzrə hesablamalarda səhvə yol verilib və nəticədə ödəniş alan şəxslərin təxminən üçdə birinə nəzərdə tutulduğundan artıq vəsait köçürülüb.
Almaniya qanunvericiliyi bu məbləğin hərbçilərdən və dövlət qulluqçularından geri alınmasına imkan vermədiyi üçün Xarici İşlər Nazirliyi hazırda vəsaitin "Mercer" şirkətindən tələb olunması variantını nəzərdən keçirir.