“Bu gün əksər xanəndələr efirə tar və kamançasız çıxırlar. Xanəndə də tar və kamançasız efirə çıxar?! Nə olsun ki, fanaqram oxuyursan. Bir ifanı da canlı oxu da.. Bizim böyük xanəndəmiz Alim Qasımov səhnəyə çıxanda heç fərqinə varmır ki, yanında tar olacaq yoxsa kamança?! Əlini qoyacaq qulağının dibinə oxuyacaq. Bu kifayət edir. O çünki Alimdir. Onun üçün keçmək olar. Alim böyük xanəndədir. Camaat ona qulaq asır. Əlbəttə ki, hər şeyin öz qayda-qanunu var”.
 




Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Vamiq Məmmədəliyev deyib.

O daha sonra əlavə edib:
 
“Özünə güvənən xanəndə tarsız, tar ifaçısı ilə kamançasız olmaz. Bunların üçü vəhdət təşkil edir və ifaçının təcrübəsindən asılıdır. Elə məclis var ki, bir ağız əlini qoyarsan qulağının dibinə oxuyub çıxarsan. Biri də var ki, sən orada bir neçə saatlıq oxumalısan. Bu zaman artıq tar və kamança mütləq yanında olmalıdır”.
 
Vamiq Məmmədəliyev deyir ki, muğam üçlüyünə tar və kamançadan əlavə də musiqi alətləri də əlavə ediblər:

“Seyid Şuşinskinin oxuduğu vaxtda da olub ki, ansambılda tar, kamança, qoşa nağara var. Seyid Şuşinski elə qaval ifa edirdi ki.. Qavalı göyə göyə atıb, yenidən tuturdu. Belə sənətkarlar var idi. Əbülfət Əliyev, Cabbar Qaryağdıoğlu, Ağaxan Abdullayev, Elçin Cəlilov necə gözəl qaval ifa edirdilər! Mahmud Salah bizim konservatoriyada qaval dərsi keçir. Hər xanəndə o cür yetişə bilmir ki, həm oxusun, həm də qavalı yaxşı ifa etsin”.