Xalq artisti Tariyel Qasımov həmkarı, Xalq artisti Yasin Qarayevin ünvanına “Həftənin qonağı” verilişində bir sıra iddialar səsləndirib. Aktyorun dediyinə görə o Yasin Qarayevə aldanaraq işdən çıxarılıb:
 




“Bizim direktorumuz Yasinlə yaxın qohumdurlar. Direktor iclas çağırdı. Dedi ki, kimin yaşı 60-dan yuxarıdırsa öz ərizələrini yazıb işdən çıxsınlar. Yasin dedi ki, “gedək ikimiz də ərizəmizi yazıb, işdən çıxaq”. Gəldik. Mən həqiqi ərizə yazdım, o isə yazmadı. Səhəri gün divarda əmr yazıldı ki, “Tariyel Qasımov öz xahişi ilə işdən azad olunsun”. Yasinin 80 yaşı var, bu gün də işləyir” deyə açıqlama verib.
 
Mövzu ilə bağlı Xalq artisti Yasin Qarayevlə də əlaqə saxladıq. Aktyor Moderator.az-a açıqlamasında mövzu haqda qısa danışaraq həmkarının dediklərini təkzib edib:

“Məni hamı tanıyır və bilirlər ki, bu cür söz-söhbətlərdə adım heç vaxt çəkilməyib. Bircə onu deyə bilərəm ki, belə bir şey olmayıb. Vəssalam! Tariyel Qasımov ərizə yazanda mən heç yanında olmamışam. Özünə də zəng edib, niyə belə danışdığı haqda soruşmuşam. Deyib ki, “nəsə danışdım da”. Bu mövzu haqda başqa açıqlama vermək istəmirəm”.
 
Xalq artisti Yasin Qarayev facebook səhifəsində isə ad çəkmədən veriliş haqda bunları bildirib:
 
“Son dövrlər yenə bəzi internet televiziyalarında reytinq qazanmaq naminə insanlar arasında narazılıq yaradan, ara qızışdıran aparıcılar peyda olub. Bu insanlar üçün peşə etikası, məsuliyyət hissi və obyektivlik ikinci plana keçib. Halbuki, jurnalistikanın və aparıcıların əsas məqsədi cəmiyyəti düzgün məlumatlandırmaqdır, insanları qarşı-qarşıya qoymaq deyil”.
 
Xalq artisti Tariyel Qasımov isə saytımıza açıqlamasında işdən çıxarılması ilə bağlı bunları bildirmişdi:

““Teatrımıza xanım direktor gəldi. Gələn xanım da Mədəniyyət Nazirliyində işləyib, hər zaman yubileylərimdə gül gətirib məni təbrik edib. O bilir ki, Gənc Tamaşaçılar Teatrında ən birinci aktyor Tariyel Qasımovdur. Mənə heç kim bir söz deyə bilməz. Mənə söz deyər, cavabını qaytararam! O cavan aktyora bir söz desə başını aşağı salıb danışmayacaq. Amma Yasin Qarayevə, Tariyel Qasımova söz desə biz onun cavabını qaytaracağıq. Ona görə də o məndən ehtiyat etdi. Ola bilər də gələcəkdə teatra gecikə bilərdim, o mənə nəsə söz deyə bilərdi.. Halbuki mən rəhbər işlədiyim teatrlarda aktyorları yığıb deyirdim ki, kim nizam-intizamı pozsa o aktyor işdən çıxarılacaq. Teatra zəif aktyor da lazımdır. Amma işin nizam-intizamını pozan aktyor istəyir Xalq artisti yox, SSRİ Xalq artisti olsun, mən onu teatrdan çıxararam. Xanım yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atdı. Bu işdə bir az Yasinin də (xalq artisti Yasin Qarayev) təqsiri var. Yasinə deyib ki, yaşlı adamlar ərizə yazıb, işdən çıxsınlar. Mənə də Yasin Qarayev dedi ki, “gəl ərizə yazıb, işdən çıxaq”. Hər ikimiz yazdıq. Yasin ərizə vermədi, mən isə ərizəmi verdim. O işləyir, mən isə işdən çıxmışam. Məsləhətdirsə o da işdən çıxarılardı da! O da qocadır da. Yasin işləməlidir də! Orada başqa yaşlı aktyorlar da var, onlar da işləməlidirlər. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm”.