“Ermənistanın cənubundan keçən yolla bağlı Azərbaycanla aramızda gərgin bir mərhələ olmuşdu. Lakin biz öz mövqeyimizi onlara açıq ifadə etdik. Etiraf etmək gərəksə, Azərbaycan kifayət qədər uyğun mövqe sərgilədi”.Bu sözləri İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi deyib.
O bildirib ki, Bakı ilə bu mövzuda yaxşı anlaşma əldə ediblər. “Azərbaycan bizə bildirdi ki, şimal sərhədlərində anti-İran iddiaları mövcud deyil və İrana qarşı heç bir layihədə yer almayacaqlar. Azərbaycan bu məsələdə geri çəkilib. Onlar Ermənistandan keçən yolun kimin nəzarətdə olmasından asılı olmayaraq Naxçıvana açılmasını istədiklərini bildirdilər”.
Səfəvi həmçinin deyib ki, Ermənistan bu mövzuda daha radikal mövqe ortaya qoyub. “Birbaşa sərhədlərə ABŞ mühafizə xidməti adı ilə Amerika əsgərini gətirir. Ermənistan hər dəfə bizə “sizə qarşı heç bir layihədə iştirak etməyəcəyik”,- deyə bildirir. Amma addımlar bunun əksini göstərir. Xüsusilə dəhliz məntiqi ilə ərazilərin uzaq bir ölkəyə verilməsi yeni təhdid yaradır”.
İranlı general qeyd edib ki, bölgənin məsələsini region ölkələri qarşılıq maraqlar çərçivəsində həll etməlidir. “Region ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlər düşmənçilik deyil, əməkdaşlıq və sabitlik üzərində qurulmalıdır. Azərbaycanla problemlərimizi müzakirə edərək həll edə bilərik və biz hazırda bunu həyata keçiririk”.
Söhbət hansı “geri çəkilmədən” gedir? Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hansı dəyişikliyi edib ki?
Professor Qabil Hüseynli İranın başının qarışıq olduğunu fikirləşir. Onun qənaətinə görə, bu İran o gücdə deyil ki, Zəngəzur dəhlizi ilə bağlı müqavimət göatərə bilsin.
"İran ağır zərbələr alıb. Bununla yanaşı, öz yaralarını sarımağa çalışır. Hazırda Birləşmiş Ştatlarla gərgin danışıqlar dövründədir. Belə bir vəziyyətdə isə Tehran "Tramp yolu"na əngəl ola bilməz. Biz dəfələrlə qeyd etmişik ki, bu logistika beynəlxalq əhəmiyyət daşıyır. Yəni İranın pozuculuğu onun reallaşmasının qarşısını ala bilməz", - deyə Q. Hüseynli belə şərh edib.
Onun fikrincə, Azərbaycanın mövqeyində hər hansı dəyişiklik olmayıb və Səfəvinin söylədikləri anlaşılmazdır: "Ermənistanla bağlı narahatlıqları daha çoxdur. Çünki qardaş dedikləri ölkə onların bütün düşmənlərini bölgəyə cəlb edib. İndi cavab versinlər ki, "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" deyəndə bunu nəzərdə tuturdular, ya yox. Azərbaycan isə Zəngəzur dəhlizi mövzusunda həmişə ardıcıl və konkret mövqe sahibi olub. Biz Naxçıvana quru yol və maneəsiz gediş-gəliş tələb edirik. Eyni zamanda, bu dəhliz böyük bir marşrut, beynəlxalq yükdaşımalar logistikası olacaq. Ona görə də Azərbaycan nə mövqeyində geri çəkilib, nə fikrini dəyişib".
Professor hesab edir ki, İran narahatdır və bunu hiss etdirir: "Mövcud rejim anlayır ki, dəhliz onun beynəlxalq yükdaşımalarda əhəmiyyətini azalda bilər. Halbuki dəfələrlə deyilib - Zəngəzur koridorundan İran da yararlana bilər. İkincisi, Hörmüz boğazı kimi ciddi təzyiq alətinə sahib olan dövlətin Zəngəzura görə təşvişi də məntiqsizdir. İran qəbul etməlidir ki, bu dəhliz açılacaq. Sadəcə, bu layihədən faydalanmaq haqda düşünməlidir, təhdid ritorikasının mənası yoxdur".