Qeyri-neft-qaz ixracatında kəskin artımın səbəbi nədir? - Deputat AÇIQLADI
22 Jun 2026, 11:29 2 baxış 2 dəq oxuma
"Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracatı 12 milyard 535 milyon dollar olub ki, onun da 4 milyard 698 milyon dolları qeyri-neft-qaz məhsullarının payına düşüb. Xarici ticarət dövriyyəsində diqqətçəkən məqam qeyri-neft-qaz ixracatının 4.4 dəfə artmasıdır. Belə ki, bu ilin 4 aylıq qeyri-neft-qaz ixracatı əvvəlki ilin ümumi göstəricisindən 30 faiz çoxdur".
Moderator.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O, qeyri-neft-qaz ixracatında kəskin artımın səbəbinə də aydınlıq gətirib:
"Bu ilin ilk 4 ayına qeyri-neft-qaz ixracatındakı 4.4 dəfəlik artım işlənməmiş, yaxud yarıişlənmiş və eləcə də toz şəkilində qızıl ixracatı ilə bağlıdır. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən növ qızıl ixracatı real ifadədə 18 dəfə, cari qiymətlərlə isə 37 dəfə artıb. Həmin dövrdə Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib. Faiz deyil, dəfə ilə ifadə olunan digər artım şəkərlə bağlıdır. İxracatı 4.2 dəfə artan şəkər ölkəyə 37.5 milyon dollar valyuta gətirib. 2.6 dəfə artım qeydə alınan pambıq ipliyinin ixrac dəyəri 16.4 milyon dollar olub. Kartof ixracatı sözügedən dövrdə 2.1 dəfə artıb. Bu məhsul ölkəyə 4 milyon dollara yaxın valyuta gətirib.
Bütövlükdə, qızıldan sonra qeyri-neft-qaz sektorunda ölkəyə ən çox valyutanı təzə meyvə məhsulları gətirib: 165.1 milyon dollar. Üçlüyü 92.7 milyon dollarla pambıq lifi tamamlayıb.
Qeyri-neft-qaz ixracatındakı artımlar iqtisadiyyatın daha da şaxələndirilməsi üçün vacib faktorlardandır. Son artımlarla yanaşı, təbii ehtiyata əsaslanmayan qeyri-neft-qaz məhsullarının ixracatının təşviqi prioritet olaraq qalmaqdadır".