Moskva merinin "Telegram" kanalı ələ keçirildi, Ukrayna isə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələri genişləndirir...




 
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyaya qarşı uzaqmənzilli hücum imkanlarını əhəmiyyətli dərəcədə artırdığını bəyan edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat  yayıb.
 
Ukrayna yeni mərhələyə keçdiyini elan etdi
 
Zelenskinin sözlərinə görə, Ukrayna artıq 3 min kilometrdən çox məsafəyə uça bilən yeni pilotsuz uçuş aparatları hazırlayıb və bu sistemlər yaxın vaxtlarda daha fəal istifadə olunacaq. O, bildirib ki, Rusiya cəmiyyəti hələ də Kremlin başladığı müharibənin nəticələrini tam hiss etmir.
 
Buna görə də Ukrayna Rusiyanın hərbi sənayesinə, enerji infrastrukturuna və logistika şəbəkəsinə qarşı zərbələri davam etdirəcək. "Qəzəbimiz əsaslıdır, amma qəzəbin ardınca nəticə gəlməlidir. Onlar bunu hiss etməlidirlər", - deyə Ukrayna lideri vurğulayıb.
 
Prezident qeyd edib ki, Ukrayna hər gün Rusiyanın hücumlarına cavab verir və bu cavablar getdikcə daha güclü olacaq. Onun sözlərinə görə, Kiyev Rusiyanın hərbi obyektlərinin, zavodlarının, neft bazalarının və qaz anbarlarının yerləşdiyi məntəqələri yaxşı bilir və onlara çatmaq üçün yeni imkanlar yaradır.
 
"Moskva od tutub yanacaqdır"

Bu arada Rusiyada diqqətçəkən başqa bir hadisə baş verib. Moskva meri Sergey Sobyaninin şəxsi "Telegram" kanalı haker hücumuna məruz qalıb. Kanalda qısa müddət ərzində yüzlərlə paylaşım yerləşdirilib.




© соцмережі




 



Paylaşımların əksəriyyətində "Moskva od tutub yanacaqdır" şüarı, Ukraynanı dəstəkləyən çağırışlar və Ukrayna ordusu üçün ianə toplama kampaniyalarına keçidlər yer alıb. 
 
Məlumatlara görə, hakerlər 500-dən çox paylaşım dərc etməyə nail olublar.
 
Bir müddət sonra bütün yazılar silinib, kanal bağlanıb və sonradan əvvəlki məzmun bərpa olunub. Hadisə ilə bağlı Moskva meriyası hələlik rəsmi açıqlama verməyib.
 
Krım və Rusiyanın dərinliklərinə zərbələr
 
Eyni zamanda Ukrayna qüvvələri son günlər Krım və Rusiyanın arxa bölgələrində bir sıra uzaqmənzilli əməliyyatlar həyata keçirib. Ukrayna tərəfinin məlumatına görə, Kerçdəki neft terminalı, Krasnodar diyarındakı "Qafqaz" limanı, bir neçə radiolokasiya stansiyası, hava hücumundan müdafiə sistemləri və hərbi logistika obyektləri zərbələrə məruz qalıb.

Ukrayna Baş Qərargahı həmçinin Tümen vilayətində yerləşən iri neft emalı zavodunun vurulduğunu açıqlayıb. Bildirilir ki, həmin müəssisə ildə milyonlarla ton neft emal edir və Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynayır.
 
Kiyev hesab edir ki, uzaqmənzilli dronların sayının artması Rusiyanın hərbi-logistika imkanlarına daha ciddi zərbələr endirməyə imkan verəcək və müharibənin gedişinə təsir göstərəcək. Zelenskinin sözlərinə görə, Ukrayna bu istiqamətdə fəaliyyətini davam etdirəcək və "daha uzağa gedəcək".