“ABŞ tərəfi İranın regional dövlətə çevrilməsi ilə razılaşır...”
 




“Livanda sülhün bərpası “Böyük İsrail “yaratmaq istəyən və özünün hərbi qüvvəsinə arxalanıb Suriya və 
Livana qarşı hərbi təxribatlarından əl  çəkməyən irticaçı dövlətin əl-ayağını  bağlayacaqdır, Fələstin dövlətinin yaranması və Qəzzanın tam bərpasına gətirib çıxaracaqdır...”
 
“Bu həmçinin Amerika siyasətinin patriarxlarından biri olan Zbiqnev Bjezinskinin xarici siyasət xəttini həyata keçirmək deməkdir...”
 
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə  İsveçrədə növbəti İran-ABŞ danışıqları ərəfəsində tərəflər arasında imzalanmış 14 maddəlik İslamabad Anlaşma Memorandumunun bir sıra maddələrini təhlil etməyə çalışdıq. 

-Dünən gecə İsveçrədə növbəti İran-ABŞ danışıqlarının ilk raundu baş tutub. Tərəflərin sözlərinə görə müəyyən irəliləyişlər əldə edib. Amma hələki elektron formatda imzalanmış 14 maddəlik İslamabad Anlaşma Memorandumu qüvvədədir. Həmin sənədi necə təhlil edərdiniz?
 
-İran ABŞ sülh memorandumunun hər bir maddəsinin mahiyyətini ciddi təhlil etsək, maraqlı faktlarla üzləşərik. Odur ki, gəlin elə birinci maddədən başlayaq:
 
Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası, eləcə də cari münaqişədəki müttəfiqləri bu Anlaşma Memorandumunu imzalayaraq, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılmasını elan edirlər. Tərəflər bundan sonra bir-birinə qarşı hər hansı müharibə və ya hərbi əməliyyatlara başlamamaq, güc tətbiqindən və ya hədələrdən çəkinmək, həmçinin Livanın ərazi bütövlüyü və suverenliyini qorumaq barədə öhdəlik götürürlər. Yekun müqavilə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin birdəfəlik bitməsini və bu bəndin digər şərtlərini təsdiq edəcəkdir.”
 
Bu maddəyə ABŞ və İran əməl etsə, Yaxın Şərqdə amin-amanlıq bərpa olacaq və İsrailin bütün təxribatlarına son qoyulacaq. Livanda sülhün bərpası “Böyük İsrail “yaratmaq istəyən və özünün hərbi qüvvəsinə arxalanıb Suriya və Livana qarşı hərbi təxribatlarından əl  çəkməyən irticaçı dövlətin əl-ayağını  bağlayacaqdır, Fələstin dövlətinin yaranması və Qəzzanın tam bərpasına gətirib çıxaracaqdır.
 
Deyilənləri  memorandumun 2-ci maddəsi də təsdiq edir:
 
“ABŞ və İran İslam Respublikası bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, eləcə də bir-birinin daxili işlərinə qarışmaqdan çəkinməyə söz verirlər.”
 
3-cü maddə  memorandumun 1-ci və 2-ci maddədən irəli gələn vəzifələrə müddət qoyur.  Qeyd olunur ki, bu müddət ərzində tərəflər yuxarıda  göstərilən razılamaya əməl etməlidirlər:
 
“Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası qarşılıqlı razılıq əsasında uzadıla bilən maksimum 60 gün ərzində danışıqlar aparmaq və yekun sazişə gəlmək öhdəliyini öz üzərilərinə götürürlər.”
 
-Sual olunur: tərəflər deyilənlərə əməl edəcəklərmi?
 
-İki ölkənin bütün geosiyasi parametrləri və iqtisadi maraqları onu göstərir ki, bu nəinki mümkündür, üstəlik iki ölkənin gələcəkdə strateji partnyorluğuna zəmanət verir. Bu həmçinin Amerika siyasətinin patriarxlarından biri olan Zbiqnev Bjezinskinin xarici siyasət xəttini həyata keçirmək deməkdir.  O, “Böyük  şahmat lövhəsi” əsərində yazırdı: “Niksonun oynadığı insan hüquqları oyunu nəticəsində biz İranı itirdik. Gələn əsrin 20-30 illərində biz bu ölkəni öz geo-siyasi partnyorumuza  çevirməliyik, yoxsa ABŞ dağılar”  
 
Sizə elə gəlmirmi ki, ABŞ-ın İrana qarşı təzyiqləri Z.Bjezinskinin ABŞ üçün qoyub getdiyi planlarla bağlıdır?..
  
4-cü maddə daha maraqlıdır:
 
Bu Anlaşma Memorandumu imzalandıqdan dərhal sonra ABŞ İran İslam Respublikasına qarşı dəniz blokadasını, eləcə də hər cür maneə və pozuntuları aradan qaldırmağa başlayacaq və 30 gün müddətində hərbi dəniz blokadasına tamamilə son qoyacaq. Bu müddət ərzində gəmilərin hərəkəti İran İslam Respublikası tərəfindən müharibədən əvvəlki vəziyyətə gətirilən gəmilərin sayına mütənasib şəkildə həyata keçiriləcək. ABŞ, həmçinin yekun saziş bağlandıqdan sonrakı 30 gün ərzində öz qoşunlarını İran İslam Respublikasının bilavasitə yaxınlığından çıxarmağı öhdəsinə götürür.”
 
-ABŞ-ın atacağı bu addım İrana nə verir? 
 
-Əvvəla, İran üçün geniş imkanlar. Hörmüzün 30 gün ərzində açılması heç də o demək deyil ki, İran oradan keçən hər bir gəmidən gömrük haqqı yığmayacaq. 4-cü maddədə bunun qabağını alan bir  bənd də yoxdur. Bu, İran üçün böyük güzəştdir.
 
Bununla belə, bu müddət ərzində ABŞ öz qoşunlarını İİR sərhədləri yaxınlığından uzaqlaşdıracaq. Bu isə sülhə doğru atılan ən ciddi addımdır...
 
5-ci maddə tərəflərin memoranduma qol çəkdikdən sonra həyata keçirəcəkləri addımlardır. Gəlin bir daha oxuyaq və bununla  bağlı fikirlərimizi bildirək: 
 
“Anlaşma memorandumu imzalandıqdan sonra İran İslam Respublikası 60 gün müddətində yalnız Fars körfəzindən Oman körfəzinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz və sərbəst keçidini təmin etmək üçün bütün səylərini göstərəcək. Ticarət gəmilərinin hərəkəti dərhal başlayacaq və İran İslam Respublikası tərəfindən hərbi, texniki maneələrin aradan qaldırılması və minalardan təmizləmə ehtiyacı nəzərə alınaraq 30 gün ərzində tam bərpa ediləcək. İran İslam Respublikası müvafiq beynəlxalq hüquqa və Hörmüz boğazı sahilyanı dövlətlərinin suveren hüquqlarına uyğun olaraq, Fars körfəzinin digər sahilyanı dövlətləri ilə müzakirələr çərçivəsində Hörmüz boğazının gələcək idarəçiliyini və dəniz xidmətlərini müəyyən etmək üçün Oman Sultanlığı ilə dialoq aparacaq.”
 
-Sizə elə gəlmir ki, bu maddədə ABŞ İranın əldə etdiyi bəzi səlahiyyətləri əlindən almaq istəyir?
 
-Əksinə, ABŞ tərəfi İranın regional dövlətə çevrilməsi ilə razılaşır.  Odur ki, bu durum Fars körfəzi və sahilyanı dövlətlərlə İran arasında yeni sazişlərin bağlanmasına şərait yaradır. Bu, İsraili sözün həqiqi mənasında həmin ölkələrdən uzaqlaşdırır və İranı regionda əsas, aparıcı  dövlətə çevirir. Yadıma 60-cı illərdə Şahənşahın Səudiyyə Ərəbistanına səfəri düşür. Aeroportda Şahənşah yerə enən kimi, rəqs musiqisi çalındı. Kral başda olmaqla  bütün şeyxlər onun qarşısında təlxək kimi rəqs edirdilər. İndi yenə Səudiyyə Ərəbistanı və İsrailə qoşulan bütün ölkələr İran ətrafında birləşəcəklər. Çünki bu ABŞ-ın həm iqtisadi, həm də geo-siyasi marağındadır və bu mövqe İranın da ürəyincədir...
 
6-cı maddəni diqqətlə oxuyaq:
 
“Amerika Birləşmiş Ştatları regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının ən azı 300 milyard ABŞ dolları dəyərində olan iqtisadi inkişafı və yenidən qurulması üçün yekun, qarşılıqlı razılaşdırılmış plan hazırlamağı öhdəsinə götürür. Bu planın icra mexanizmi 60 gün ərzində yekun razılaşma çərçivəsində birdəfəlik təsdiqlənəcək. Müvafiq maliyyə əməliyyatları üçün lazım olan bütün icazələr, lisenziyalar və təsdiqlər ABŞ tərəfindən təmin ediləcək. Bu maddənin icrası 60 gündən sonra bağlanılacaq sülh sazişi ilə bağlıdır."
 
Bununla bərabər indidən prezident Donald Tramp  ABŞ-da şəxsi bizneslə məşğul olan biznesmenlərini İran iqtisadiyyatına investisiya qoymağa çağırıb, Qazaxıstan Respublikasına isə İranın körfəz  sahilində tranzit xabı  tikdirməyə göstəriş verib. Bu, Şimal-Cənub yolunun  işləməsi və Rusiya, Çin, Belarus, Orta  Asiya dövlətlərinin tranzit yüklərinin İran sahillərinə çatdırılmasına icazədir. Bundan isə adını çəkdiyimiz bütün dövlətlər  udur. Hər  halda bu tranzitin şah damarı İranın əlində  olacaq...
 
Sülh sazişindən sonra ayrılacaq 300 milyard və Ərəb ölkələri ilə bağlanılacaq sazişlərin proqnozu isə belədir. Loru dildə desək: İran çox qısa müddət ərzində qüdrətli regional dövlətə çevriləcək. Maraqlısı budur ki, bütün bunlar dolların işləmə funksiyalarını artırır. ABŞ statistikası göstərir ki, əgər İranla müharibəyə qədər xarici ticarətdə dollarla aparılan əməliyyatların həcmi  96%  idisə, indi 98%-dir. Bu,  balaca göstərici deyil. Dollar başqa valyutaları öldürməkdədir. Odur ki, Fransanın prezidenti Manuel Makron hay-küy salıb ki, İrana qarşı sanksiyaları ləğv etməyəcək...   
 
-Deyəsən, 7-ci maddə İranla ABŞ arasında bütün maneələri aradan götürür. Necə düşünürsüz? 
 
Mən də elə hesab edirəm. Özü  də 7-ci maddə ən əsas maddələrdən biridir. Həmin maddədə deyilir:
 
“ Amerika Birləşmiş Ştatları İran İslam Respublikasına qarşı tətbiq edilən bütün növ sanksiyaların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, yəni Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Rəhbərlər Şurasının qətnamələrinin və ABŞ-nin həm ilkin, həm də təkrar birtərəfli sanksiyalarının yekun saziş çərçivəsində razılaşdırılmış cədvəl üzrə ləğv edilməsini öhdəsinə götürür. İran İslam Respublikası və ABŞ sanksiyaların ləğvi ilə bağlı yuxarıda qeyd olunan məsələnin mühüm əhəmiyyətini qəbul edir və qarşılıqlı razılığa gəlmək üçün danışıqlarda bu məsələləri dərhal nəzərdən keçirmək niyyətlərini ifadə edirlər...”
 
Doğrudan da, ABŞ və Aİ sanksiyaları İran dövlətinin müstəqilliyinin nə qədər  güclü və möhkəm olduğunu göstərdi. Sanksiyalar İİR-in dağıdılmasına  yönəldilmişdi. İran isə buna  rəğmən sınmadı, inkişafından qalmadı, ABŞ kimi bir ölkəyə sinə gərə biləcək bir dövlətə çevrildi.
 
Son onilliklər ərzində İran liderləri elmin inkişafına geniş yer verdilər. Yüksək texnologiyalı silahlar hazırladılar. Ən əsası, İran elmini, təhsilini,  səhiyyəsini yüksəkliklərə qaldırdılar. İndi İranda  səhiyyə və təhsil pulsuzdur, yəni təhsili və səhiyyəni biznesə çevirməyiblər. Finlandiya prezidentinin dediyi sözlər yadıma düşdü. O təhsildə ki, pul var, o, təhsil  deyil – biznesdir... 
 
Belə düşünürəm ki, sanksiyaların götürülməsi İranı Dubaya çevirəcək. Özü də qısa müddət ərzində. Odur ki, Fransa prezidenti Makron Parisdən İrana qarşı sanksiyalarını ləğv etməyəcəyini deyir. İranın güclü dövlət olması bu maddələrin həyata keçirilməsi ilə bağlıdır. İnanırıq ki, bu sazişlərə qol atan İran Prezidenti, Azərbaycanlı balası Pezeşkian əlindən gələni edəcək ki, yuxarıda göstərilən maddələrə əməl etsin və edəcək də. Elə bunu da ABŞ istəyir...