"Hədəflər Moskva ətrafı, Voronеj və işğal olunmuş ərazilərdə yerləşən hərbi infrastruktur olub..."


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Moskva vilayətində yerləşən "Dubna" kosmik rabitə mərkəzinə zərbə endirib.






Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahın məlumatında deyilir. Məlumatı "rbc.ua" nəşri yayıb.


Moskva yaxınlığında kosmik mərkəzə zərbə


Məlumata görə, hücumdan sonra obyekt ərazisində güclü tüstülənmə qeydə alınıb. Zərbənin nəticələri hazırda dəqiqləşdirilir. Eyni zamanda Ukrayna qüvvələri Luqansk vilayətində (müvəqqəti işğal olunmuş Debaltseve rayonu) dron operatorlarının hazırlanması üçün poliqonu, eləcə də Donetsk vilayətində Mirnoqrad və "Perestroyka" bölgələrində pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrini hədəfə alıb.


Donbas və Belqorod istiqamətində zərbələr


Məlumata görə, Donetsk vilayətində Pokrovsk ətrafında və Rusiya Federasiyasının Belqorod vilayətində İlek-Penkovka yaxınlığında yerləşən komanda-nəzarət məntəqələri də vurulub. Bundan başqa, Zaporoje vilayətində Vasilyevka yaxınlığında yerləşən körpü hədəfə alınıb. 


Həmin infrastruktur işğalçı qüvvələrin hərbi yüklərinin daşınmasında və canlı qüvvənin təminatında istifadə olunurdu. Ukrayna tərəfi bildirir ki, bu zərbələr Rusiyanın cəbhə bölgələrindəki idarəetmə və logistika imkanlarını zəiflətməyə yönəlib.


Voronеjdə raket istehsalı zavodu vurulub


Rusiya mediasının məlumatına görə, Voronеj şəhərində yerləşən "Sborka" yarımkeçirici və elektronika zavodu güclü partlayış nəticəsində zərbə alıb. Sosial şəbəkələrdə obyekt üzərində qalxan böyük tüstü sütunu əks olunub.


Məlumata görə, zavoda hücum "Storm Shadow" tipli qanadlı raketlərlə həyata keçirilib. Müəssisə Rusiya hərbi-sənaye kompleksində mühüm rol oynayır və "İsgəndər" və "Kalibr" raketləri üçün elektron komponentlər istehsal edir.


Ukrayna Baş Qərargahı zərbəni təsdiqləyərək bildirib ki, obyekt yüksək dəqiqlikli raketlərin idarəetmə sistemlərində istifadə olunan elektron baza istehsal edirdi və bu məhsullar birbaşa Rusiya ordusunun Ukraynaya qarşı hücumlarında tətbiq olunur.