“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…”
22 Jun 2026, 19:15 2 baxış 7 dəq oxuma
“Və Tramp da o yolun əhəmiyyətini başa düşür, odur ki, adını heç olmasa o yolun bir kənarına yazmağa çalışır…”
“Amerikanın Zəngəzur yolunun açılması layihəsi ilə regiona gəlməsi Azərbaycanla Ermənistan arasında münasibətlərin də müəyyən çərçivə daxilində saxlanmasına, eyni zamanda Ermənistandakı revanşist qüvvələrin cilovlanmasına xidmət edəcəkdir...”
Son aylar Tramp administrasiyası Turan- Zəngəzur yolu- “TRİPP” layihəsinin icrası istiqamətində xeyli fəallaşıb. ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (“DFC”) ABŞ-Ermənistan birgə təşəbbüsü çərçivəsində sözügedən layihəni dəstəkləməsi də bunun göstəricilərindəndir. Görəsən, hələlik ABŞ-İsrail-İran qarşıdurmasının tam həllini tapmadığı, Ukrayna savaşının sona yetmədiyi, xüsusən də Ermənistandakı seçkilərdən sonra Rusiyanın Paşinyan hakimiyyətinə təzyiqlərini davam etdirdiyi bir geo-siyasi durumda Amerikanın “TRİPP” layihəsini həyata keçirməklə Cənubi Qafqaza sülh gətirməsi mümkün olacaqmı?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı aşağıdakı fikir və mülahizələri ifadə edib:
“Təbii ki, ABŞ dövləti və Tramp administrasiyası son illər Cənubi Qafqazı bütövlükdə Rusiyanın təsirindən qurtarıb öz nəzarətinə almağa çalışır və həmin istiqamətdə praktiki addımlar atır. Bu prosesdə də Zəngəzur yolu boyu tətbiq edilməsi nəzərdə tutulan “Tramp yolu” adlandırılan “TRIPP” layihəsinin də önəmli yeri var. Bizim Zəngəzur yolu dediyimiz bu yolu ermənilər daha düzgün adlandırırlar: “Turan yolu”. Çünki çoxlarının içərisində hələ də türk qorxusu yaşayır...
Amerika da bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaqdır. Və Tramp da o yolun əhəmiyyətini başa düşür, odur ki, adını heç olmasa o yolun bir kənarına yazmağa çalışır. Amma praktiki maraqları da var bu yolda, ciddi iqtisadi və siyasi dividend götürəcək və müəyyən mənfəət əldə edəcək. Həmçinin Turan yolu Rusiyanın regiondan uzaqlaşdırılmasında da böyük rol oynayacaqdır. Ona görə də proses gedir və bu layihə həyata keçiriləcəkdir.
Və həmin layihəyə qarşı İranın çıxış etməsi, artıq və əsassız danışması boş və mənasız bir şeydir. O sadəcə yalançı görüntü yaratmaqdan, özünü regonda güc kimi göstərməkdən başqa bir şey deyil. Bir də onu demək gərəkdir ki, İran özünü regionun, İslam dünyasının lideri hesab edirdi və yaxud edir. Bu səbəbdən də Türkiyənin və yaxud Azərbaycanın hər hansı bir uğurunu qəbul edə bilmir, Səudiyyənin uğurunu qəbul edə bilmir. Ətrafındakı hər kəslə düşməndir. Bizim də Qarabağdakı qələbəmiz bütün regionun liderinin kim olduğunu göstərdi. Yəni kimin xoşuna gəlib-gəlməməsinə rəğmən bir az düşünəndə görürsən ki, doğrudan da bu regionda, ümumilikdə dünyada Azərbaycanın ən azından region üçün liderliyini qəbul edirlər. Çünki böyük bir qələbə qazanıb, arxasında Rusiyanın, Qərbin və İranın da dayandığı Ermənistana qalib gəlib. İran isə bunu həzm edə bilmir və Azərbaycanın yanında həddindən artıq kiçik və ağır bir vəziyyətə düşür. Və Azərbaycana, o cümlədən onun uğurlu siyasətinin nəticələrindən biri olacaq Zəngəzur yolunun ABŞ layihəsi ilə açılmasına qarşı qarşı hərəkətləri, reaksiyaları, hikkələri həm də bununla bağlıdır...
Hazırda Tramp artıq praktik işləri görür, Rusiya kənarda qalıb, İran kənarda qalıb, 8 avqust Vaşinqton müqaviləsi imzalanıb, digər sənədlər də imzalanır, artıq orada ABŞ-ın müvafiq qurumları tərəfindən kəşfiyyat işləri aparılır, yolun çəkilişi ilə bağlı və digər işlərlə bağlı real layihələrin həyata keçirilməsinə başlanılır...
Ancaq bu gün yüz faiz demək olmaz ki, “TRİPP” layihəsi Cənubi Qafqaza sabitlik gətirəcək. Çünki sülh yalnız bu və digər amildən asılı deyil, burada çoxsaylı amillər rol oynayır. Lakin heab edirəm ki, Zəngəzur -Turan dəhlizinin işə düşməsi ümumilikdə regionda sabitlik və sülh üçün çox ciddi rol oynayacaqdır bu regionda sabitlik üçün ciddi rol oynayacaqdır. Çünki hər kəsin marağı olacaq ki, Zəngəzur dəhlizindən yol keçsin və davamlı olsun. Yox əgər hər hansı konflikt, qarşıdurma olacaqdırsa, yol dayanacaqdır. Bu da hamımızın ziyanına olar. Ən azından iqtisadi maraqlar baxımından hər tərəf müəyyən yanlış iddiaları kənara qoymalıdır...
Digər tərəfdən isə, əgər artıq Amerika regiona gəlirsə, Rusiyanın və İranın burada təsiri tam şəkildə zəifləyir, sıfıra enir. O halda Cənubi Qafqazda əsrlərdir ki, münaqişə körükləyən qüvvələrdən biri olan Rusiya və İran bu imkanlardan məhrum olacaqlar. Bu da sülh və sabitlik üçün ciddi təminat verəcəkdir.
Üçüncü cəhət isə Türkiyə və Azərbaycan amilidir və o, ortadadır. Hər iki dövlət regionda sülh və sabitliyin olmasında maraqlıdır və bunun qarantıdır...
Ermənistan da bunu başa düşür. Ermənistan da başa düşür ki, Azərbaycanın və Türkiyənin birgə region üçün cızdığı yol xəritəsi ilə getmək lazımdır. Ona görə də Amerikanın Zəngəzur yolunun açılması layihəsi ilə regiona gəlməsi Azərbaycanla Ermənistan arasında münasibətlərin də müəyyən çərçivə daxilində saxlanmasına, eyni zamanda Ermənistandakı revanşist qüvvələrin cilovlanmasına xidmət edəcəkdir. Odur ki, bu və ya digər amillərin təsiri altında böyük ehtimalla Turan yolu -“TRİPP” layihəsi regionda sülh və sabitliyə xidmət edəcəkdir...”