Bürgenştokda İran və ABŞ arasında texniki danışıqlar davam edir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsveçrədən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin nümayəndə heyətlərinin bir qismi danışıqları davam etdirmək üçün İsveçrədə qalıb.
"Ümumilikdə bu, çox məhsuldar keçən 36 saat oldu", - Vens deyib.
Xatırladaq ki, İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-də başlamış hərbi münaqişənin başa çatmasını nəzərdə tutan anlaşma memorandumunu rəqəmsal şəkildə imzalayıblar.
İyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında sülh danışıqlarının ilk raundu keçirilib. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner başçılıq ediblər. İran tərəfindən danışıqları parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və xaric işlər naziri Abbas Əraqçi aparıb.
Tərəflər texniki məsləhətləşmələri həftənin sonunadək davam etdirmək və danışıqlar prosesinə nəzarət etmək üçün yüksək səviyyəli komitə təsis etmək barədə razılığa gəliblər.