“Hələki memoranduma əsasən demək mümkündür ki, ABŞ ilə İsrail bu savaşdan məğlub olaraq çıxırlar...”
23 Jun 2026, 10:45 33 baxış 5 dəq oxuma
“ABŞ faktiki olaraq İranı tam məğlub etmək və ya onun siyasi sistemini dəyişməyin mümkün olmadığını qəbul edir. İsrail üçün isə bu vəziyyət daha ağrılıdır...”
“Danışıqların tıxanmasındakı əsas səbəblərdən biri İsrailin Livana hücumları ilə bağlıdır...”
“Danışıqların perspektivi var, lakin tərəflər arasında heç bir etimad yoxdur...”
“Son İran–ABŞ Anlaşma Memorandumu və Cenevrə danışıqları əslində tərəflər arasında strateji etimadın yaranmasının deyil, qarşılıqlı zəifliklərin məntiqi nəticəsidir. ABŞ və İsrail illərlə İranı iqtisadi sanksiyalar, diplomatik təcrid və hərbi təhdidlərlə diz çökdürməyə çalışsalar da, İran nə rejim dəyişikliyinə məruz qaldı, nə də nüvə proqramından tam imtina etdi. Əksinə, bu gün Tehran regionda əvvəlkindən daha geniş təsir imkanlarına malikdir və nüvə texnologiyası sahəsində daha irəlidədir. Əminliklə demək olar ki, bu müharibənin hazırkı nəticələri dəyişməsə, İran qalib, ABŞ və İsrail isə məğlub tərəfdir. Amma hələ danışıqlar tam olaraq nəticələnmədiyinə görə, hər hansı yekun nəticədən bəhs etmək də doğru olmaz.”
Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında Birləşmiş Ştatlarda yaşayıb fəaliyyət göstərən siyasi təhlilçi, konfliktoloq professor Əli Əskərli “Son İran-ABŞ Anlaşma Memorandumu və ardınca Cenevrə danışıqlarının perspektivlərini necə dəyərləndirirsiz?” sualını cavablandırarkən ifadə edib.
“Cenevrə danışıqları göstərir ki, Vaşinqtonun uzun illər tətbiq etdiyi “maksimum təzyiq” strategiyası İran məsələsində heç bir strateji nəticə verməyib. ABŞ faktiki olaraq İranı tam məğlub etmək və ya onun siyasi sistemini dəyişməyin mümkün olmadığını qəbul edir. İsrail üçün isə bu vəziyyət daha ağrılıdır. Çünki Təl-Əviv uzun müddət Qərbi İranla kompromisdən uzaq tutmağa çalışsa da, indi danışıqlar masası yenidən gündəmə qayıdır. Bu, Netanyahunun qəti məğlubiyyəti anlamına gəlir. Ona görə də Təl-Əviv bu danışıqları sabotaj etməyə çalışır. Vaşinqtonun isə buna münasibəti xeyli dərəcədə sərtdir”, - deyə davamında siyasi təhlilçi bildirib.
Konfliktoloqun təhlillərinə görə, hazırda İran-ABŞ danışıqları dalana dirənib:
“Bugünkü nəticələrə görə dəyərləndirəcək olsaq, danışıqlar dalana dirənib. İran nümayəndələri də bu barədə vasitəçilərə – Pakistan və Qətər liderlərinə – məlumat veriblər. Danışıqların tıxanmasındakı əsas səbəblərdən biri İsrailin Livana hücumları ilə bağlıdır. İran Livana qarşı bütün hücumların dayandırılmasını şərt qoyub, İsrail isə buna əməl etmir...”
Əli Əskərli hesab edir ki, əslində memorandumun əsas mahiyyəti nüvə məsələsindən daha genişdir:
“Son bir neçə ayda açıqca göründü ki, doğru bir strategiya ilə uyğun coğrafi landşaft atom silahından daha təsirli ola bilər. Burada söhbət həm də Yaxın Şərqdə yeni güc balansının formalaşmasından gedir. ABŞ Çinlə rəqabət, həmçinin Ukrayna müharibəsi və daxili siyasi problemlər fonunda Yaxın Şərqdə yeni böyük münaqişə istəmir. İran isə iqtisadi təzyiqi azaltmaq və regional üstünlüklərini qorumaq istəyir. Buna görə də danışıqların perspektivi var, lakin tərəflər arasında heç bir etimad yoxdur. İran opponentlərinə inanmır. Əslində İranın rəqibləri də ona inanmırlar. Danışıqların pozulmasında ən böyük maneə isə İsrail amilidir. O bu gün həm İran üçün, həm də ABŞ üçün problem qaynağıdır. İsrail İranın nüvə potensialını öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir və Vaşinqtonun Tehranla hər hansı ciddi yaxınlaşmasına skeptik yanaşır və buna mane olmağa çalışır...”
“Bu prosesin ən vacib nəticələrindən biri ondan ibarətdir ki, ABŞ və İsrail ilk dəfə açıq şəkildə anlayırlar: İranı hərbi təzyiqlə və ya sanksiyalarla siyasi təslimiyyətə məcbur etmək mümkün deyil. Əgər bəhs edilən memorandumda göstərilən şərtlərlə bir razılaşma əldə olunarsa, bu, Qərbin uzun illər apardığı strategiyanın uğursuzluğunun etirafı kimi qiymətləndirilə bilər. Tarix göstərir ki, böyük dövlətlər də rəqiblərini məğlub edə bilmədikdə, onlarla danışmağa məcbur olurlar. Bugünkü mənzərə də məhz buna bənzəyir...
Amma bu danışıqların nəticələri memorandumdakı maddələrə uyğun olarsa, ortaya ABŞ və İsrail üçün acı bir mənzərə çıxacaq. Hələ yekun bir sənəd ortaya çıxmadığı üçün qəti fikir bildirmək olmur, lakin hələki memoranduma əsasən demək mümkündür ki, ABŞ ilə İsrail bu savaşdan məğlub olaraq çıxırlar”, -deyə konfliktoloq vurğulayıb.