"Belarus müharibəyə hazırlaşır": Müxalifətdən Kiyevə sensasion hesabat - Ukrayna KİV-ləri
23 Jun 2026, 15:00 31 baxış 3 dəq oxuma
Belarus müxalifəti Lukaşenko rejiminin ölkəni tədricən hərbi relslərə keçirdiyini iddia edir...
Belarusun demokratik müxalifəti prezident Aleksandr Lukaşenko rejiminin Ukraynaya qarşı müharibədə iştirak üçün hazırlıq gördüyünü iddia edən hesabatı Ukraynanın xarici işlər naziri Andrey Sibiqaya təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Müxalifət hərbiləşmə əlamətlərindən danışır
Belarusun Birləşmiş Keçid Kabineti tərəfindən hazırlanan sənəddə ölkənin hərbiləşdirilməsini göstərən səkkiz əsas əlamət sadalanır. Müxalifətin fikrincə, yeni hərbi doktrina "preventiv zərbələr"ə icazə verir, orduda şəxsi heyətin sayı artırılır, Ukrayna istiqamətində yeni komandanlıq yaradılır və ölkə tədricən hərbi hazırlıq rejiminə keçirilir.
Müxalifət həmçinin Belarus ordusunda müqaviləli hərbçilərin sayının son illərdə əhəmiyyətli dərəcədə artdığını, Ukrayna istiqamətində Cənub Operativ Komandanlığının yaradıldığını, SMS vasitəsilə çağırış sisteminin tətbiq olunduğunu və hətta məhbusların hərbi xidmətə cəlb edilməsinə şərait yaradıldığını vurğulayır.
Rusiya ilə hərbi inteqrasiya dərinləşir
Hesabat müəllifləri bildirirlər ki, Belarusun hərbi-sənaye kompleksi faktiki olaraq Rusiya ilə birləşdirilib. Ölkədə Rusiya hərbçilərinin mövcudluğu, taktiki nüvə silahlarının yerləşdirilməsi, "Oreşnik" raket kompleksləri və "Vaqner" qrupunun təlimatçılarının fəaliyyəti buna nümunə göstərilir.
Bundan başqa, Ukrayna və NATO sərhədləri boyunca müdafiə qurğuları tikilir, yollar və logistika infrastrukturu ağır Rusiya texnikasının daşınmasına uyğunlaşdırılır. Müxalifət hesab edir ki, müntəzəm təlimlər səfərbərlik hazırlığının gizli elementi kimi istifadə olunur.
Avrpopa İttifaqı Kiyevin özünü müdafiə hüququnu dəstəkləyir
Avropa Komissiyasının sözçüsü Anitta Hipper bildirib ki, Belarus Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstəyini davam etdirir və bu səbəbdən Avropa İttifaqı Lukaşenko rejiminə qarşı sanksiyalar tətbiq edib. "Ukraynanın özünü müdafiə etmək hüququ var", - deyə o vurğulayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün əvvəl Belarus ərazisindən Rusiyanın hücumları üçün istifadə olunan texnikanın çıxarılmasını tələb edib. Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko isə bildirib ki, Rusiya kifayət qədər qüvvə toplasa, Belarus istiqamətindən təhlükə real olaraq qalacaq, lakin Ukrayna ordusu belə ssenarilərə hazırdır.