ABŞ Milli Kəşfiyyat İdarəsində yüzlərlə əməkdaşın işdən çıxarılması planlaşdırılır, Konqresdə bu addımın milli təhlükəsizliyə təsir göstərə biləcəyi ilə bağlı narahatlıq artır...




 
ABŞ prezidenti Donald Trampın müvəqqəti olaraq Milli Kəşfiyyat Direktoru vəzifəsinə təyin etdiyi Uilyam Pult qurumda genişmiqyaslı ixtisarlara start verib. 
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Milli kəşfiyyatda kütləvi ixtisarlar başlayıb
 
Məlumatına görə, işdən çıxarılmalar artıq başlayıb və əsas məqsəd kəşfiyyat aparatının əhəmiyyətli dərəcədə kiçildilməsidir. Mənbələrin bildirdiyinə görə, Pult vəzifəyə gözləniləndən bir gün tez gəlib və ilk addımlarından biri idarənin bütün əməkdaşlarının siyahısını tələb etmək olub.
 
CNN yazır ki, xüsusilə Milli Antiterror Mərkəzi və Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ixtisarlardan daha çox təsirlənə bilər. Ağ Evə yaxın mənbələrdən biri prosesin başlanmasını "dərin dövlət nümayəndələrinin təmizlənməsi" kimi xarakterizə edib.
 
Konqres təhlükə siqnalı verir
 
ABŞ Senatı və Nümayəndələr Palatasının kəşfiyyat komitələrindəki aparıcı demokratlar Uilyam Pulta məktub göndərərək onu kəskin ixtisarların mümkün nəticələri barədə xəbərdar ediblər. Senator Mark Uorner və konqresmen Cim Hayms bildiriblər ki, yüzlərlə əməkdaşın işdən çıxarılması Milli Kəşfiyyat İdarəsinin fəaliyyətinə ciddi zərbə vura bilər.  
 
Qanunvericilər vurğulayıblar ki, qurum 11 sentyabr terror aktlarından sonra məhz bu cür təhlükələrin qarşısını almaq məqsədilə yaradılıb və əlavə ixtisarlar milli təhlükəsizlik üçün risk yarada bilər. Onlar həmçinin Pultun kəşfiyyat sahəsində təcrübəsinin olmamasına diqqət çəkərək, belə mühüm struktur dəyişikliklərinin Konqreslə məsləhətləşmədən həyata keçirilməsinin doğru olmadığını bildiriblər.
 
Trampın planı və yeni narahatlıqlar
 
Ağ Ev isə Trampın daha əvvəl etdiyi açıqlamaya istinad edərək ixtisarları müdafiə edib. ABŞ prezidenti bildirib ki, Uilyam Pulta idarənin ştatını azaltmaq və əməkdaşların bir hissəsini əvvəlki qurumlarına qaytarmaq tapşırılıb. Pult hazırda ABŞ-ın 18 kəşfiyyat agentliyinə nəzarət edir. Onun təyinatı Trampın bəzi müttəfiqləri arasında da narazılıq doğurub. Eyni zamanda, Ağ Evin daha əvvəl bu vəzifəyə namizəd göstərdiyi Cey Kleytonun təsdiqlənməsi prosesi gözlənilmədən dayandırılıb.
 
CNN-in məlumatına görə, bəzi dairələr Pultun sələfi Tulsi Qabbardın başladığı və 2020-ci il prezident seçkiləri ilə bağlı araşdırmaları daha da genişləndirə biləcəyindən ehtiyat edir. Maraqlı detallardan biri də odur ki, Qabbardın rəhbərliyi dövründə Milli Kəşfiyyat İdarəsinin binasında asılmış çoxsaylı fotoşəkillər onun gedişindən sonra qısa müddətdə yığışdırılıb. Bu isə Vaşinqtonda yeni rəhbərliyin köklü dəyişikliklərə hazırlaşdığı barədə ehtimalları daha da gücləndirib.