Xəbər verdiyimiz kimi, iyunun 23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Türkmənistan Prezidenti təntənəli şəkildə yola salınıb.


Sərdar Berdiməhəmmədovun səfəri ilə bağlı bir çox maraqlı məqam mövcuddur ki, bunlardan biri Prezident İlham Əliyevi ali qonağı işğaldan azad edilən ərazidə - Füzulidə qəbul etməsi, işğaldan azad edilən ərazidən da yola salması faktıdır. Hanlbuki, cəmi 6 il öncə belə bir şeyi  xəyal etməyimiz belə müşkül idi.






Türkmənistan Prezidentinin səfərinin digər məqamları da məhz işğaldan azad edilən ərazilərlə bağlı olub. Belə ki, Prezidentlər birlikdə Şuşaya səfər edib, burada inşa edilən yeni yaşayış komplekslərinə, güllələnmiş büstlərə və s. baxıb, Bülbülün ev muzeyində olublar. Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib ki, bu da səfərin digər elementləri kimi mühüm simvolik məna kəsb edir.


Türkmənistan Prezidentinin Bakıda deyil, Füzulidə qarşılanması işğaldan azad edilən ərazilərimizdəki sürətli dirçəliş və ciddi tərəqqi ilə əlaqədardır. Vaxtiylə erməni işğalının cəhənnəmə çevirdiyi bu ərazilərdə Prezident İlham Əliyevin rəhbəliyi ilə aparılan geniş quruculuq işləri bu torpaqları əsl cənnətə çevirib ki, bu da həmin torpaqlarda ən ali qonaqları belə qəbul etməyə imkan yaradır.


Bundan başqa, ali qonaqların işğaldan azad edilmiş ərazilərdə qarşılanması bu ərazilərin beynəlxalq aləmdə tanınması, burada həyata keçirilən nəhəng qurucluq işləri ilə tanış olması baxımından da mühüm əhəmiyyətə malikdir. Onu da nəzərə almaq lazımdır ki, bu ərazilərə gələn hər bir ali qonaq işğaldan azad edilən ərazilərdəki böyük qurucluq işləri ilə tanış olmaqla yanaşı, bu ərazilərə investisiya yatırmağın nə qədər əlverişli olduğunu da bilavasitə müşahidə etmək imkanı qazanır ki, bu da milli mənafeyimiz baxımından son dərəcə əhəmiyyətldir.


Və nəhayət, ali qonaqların işğaldan azad edilən ərazilərdə qarşılanması, yaxud bu ərazilərlə tanış edilməsi rəsmi Bakının bütün dünyaya ünvanladığı siyasi mesajdır. Bu mesaj Azərbaycanın məlum torpaqların əsl sahibi olduğundan, bu torpaqların yenidən dirçəlişi üçün sadəcə milyardlarla vəsait deyil, həm də sevgi dolu bir ürək sərf etdiyindən xəbər verir. Hansı ki, işğaldan azad edilən torpaqlara səfər edən istənilən kəsin bu sevgini hiss etməməsi, bu məhəbbəti duymaması mümkün deyil.


Seymur ƏLİYEV