Ötən gün Moderator.az informasiya agentliyinin "Maştağanın dörd aydır su altında qalan küçəsi" başlığı ilə yayımladığı videoda qaldırılan məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məsələyə münasibət bildirib.
 




Açıqlamada bildirilib ki, sözügedən ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Qeyd olunub ki, ərazinin relyefi qurunt suları ilə olduqca zəngindir və bir müddət əvvəl yağan intensiv yağışlar nəticəsində qurunt sularının səviyyəsi artıb. Məhz bu səbəbdən ərazidə hazırkı vəziyyət yaranıb.
 
Həmçinin vurğulanıb ki, xüsusilə göl ərazilərində, fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində, coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdə inşa edilən evlərə yağışlardan sonra suların dolması halları müşahidə olunur.
Bundan əlavə, tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə su təchizatı və kanalizasiya sistemlərinin qurulması məqsədilə müvafiq layihə sənədlərinin hazırlandığı bildirilib. Yaşayış məntəqələrində şəbəkələrin inşasının təsdiq edilmiş tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçirildiyi qeyd olunub.
 
Pərvin Şakirqızı