Vaşinqtonun Ukraynaya dolayı dəstək siqnalları güclənir, Moskva isə yenidən sərt və ziddiyyətli bəyanatlar verir...
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə şəxsi söhbətində Rusiyaya qarşı "daha cəsarətli" addımlar atmağı tövsiyə edib.
Moderator.az xəbər verir ki, bu barədə "Kyiv Independent" nəşri yazıb.
Trampdan Zelenskiyə "daha cəsarətli olun" mesajı
Mənbələrin bildirdiyinə görə, Tramp hesab edir ki, Vladimir Putin ciddi təzyiq olmadan danışıqlara getməyəcək. Bu səbəbdən o, güc tətbiqini danışıqların əsas şərti kimi görür. Ukrayna tərəfi bu mesajlardan sonra Ağ Evin Rusiyanı real danışıqlara məcbur etməyə yönəlmiş siyasətə daha açıq dəstək verdiyi qənaətinə gəlib.
Sülh danışıqları fonunda ziddiyyətli siqnallar
Məlumatlara əsasən, bu açıqlamalar Ukraynanın Zelenski-Putin görüşünü təşkil etməyə çalışdığı dövrə təsadüf edir. ABŞ bu təşəbbüsü dəstəkləsə də, Kreml hələ də birbaşa görüşdən imtina edir.
Eyni zamanda Ukraynanın BMT-dəki nümayəndəsi Andrey Melnik bildirib ki, Kiyev cəbhə xətti boyunca atəşkəs təklifini yenidən nəzərdən keçirə bilər və ölkənin səbrinin "məhdud olduğu" mesajını verib.
ABŞ rəsmiləri isə Trampın "sülhün güc vasitəsilə əldə olunması" prinsipinə inandığını vurğulayır, lakin Kiyevin Rusiyaya zərbələrini açıq şəkildə təsdiqləmir.
"Qərbə qarşı müharibə aparırıq"
Rusiya prezidenti Vladimir Putin isə çıxışlarında müharibəni daha geniş kontekstdə təqdim etməyə davam edib. Onun sözlərinə görə, Rusiya faktiki olaraq "bütün Qərbə qarşı döyüşür", lakin buna baxmayaraq "qələbəyə yaxınlaşır".
Putin Ukraynanı mülki obyektlərə zərbələrdə ittiham edib və bunun Rusiya cəmiyyətini sarsıtmaq məqsədi daşıdığını iddia edib. O, həmçinin Zelenskinin məktubunun şəxsi görüş üçün əsas yaratmadığını bildirib. Bundan əlavə, Rusiya lideri Konstantinovkanın tezliklə ələ keçiriləcəyini iddia edib və cəbhə xəttində təşəbbüsün Moskvanın əlində olduğunu vurğulayıb.