İslamabad, 23 iyun (APP).  İran Prezidenti Dr. Məsud Pezeşkian Pakistan Həkimlər və Cərrahlar Kolleci ("CPSP") tərəfindən ictimai səhiyyə, tibbi təhsil və səhiyyə sahəsindəki elmi tədqiqatlarına, eləcə də cəmiyyətə göstərdiyi fədakar xidmətlərinə görə Ürək Cərrahiyyəsi üzrə Fəxri doktor mükafatı ilə təltif edilib.


Moderator.az bu haqda "Assoşeyted press" (Associated press) agentliyinə istinadla xəbər verir.






Pakistan Baş nazirinin Ofisinin media şöbəsinin yaydığı məlumatda bildirilir ki, fəxri mükafat Prezident Pezeşkianın Pakistana rəsmi səfəri çərçivəsində İslamabadda təşkil olunmuş xüsusi mərasimdə təqdim olunub. Tədbirdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Ordu Qərargah rəisi, general Seyid Asim Munir də iştirak ediblər. Onlar mərasimin əhəmiyyətini yüksək qiymətləndirərək, bu addımın Pakistan ilə İran arasındakı qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıblar.


Bu nüfuzlu mükafat Prezident M.Pezeşkianın səhiyyə sisteminin inkişafına, tibbi təhsilin təşviqinə, elmi tədqiqatların dəstəklənməsinə və bəşəriyyətə xidmətə yönəlmiş uzunmüddətli fəaliyyətinin növbəti təsdiqidir. Fəxri təqaüdün verilməsinin Pakistan və İran arasında tibb sektorunda əlaqələri daha da dərinləşdirəcəyi gözlənilir. Bu addım iki ölkənin səhiyyə müəssisələri arasında, xüsusən də tibbi təhsil, akademik mübadilə, birgə elmi tədqiqatların aparılması, həmçinin professor-müəllim heyətinin və ekspertlərin qarşılıqlı təcrübə keçməsi istiqamətində əməkdaşlığa yeni təkan verəcək.



S.Laçın