Avropa Parlamenti sürgündəki rusiyalı müxalifətçilər və hüquq müdafiəçiləri ilə qapalı görüş görünməmiş təhlükəsizlik tədbirləri altında baş tutub
Avropa Parlamentində "Brüssel dialoqu" adlı konfrans keçirilib. Tədbirdə Rusiyadan kənarda fəaliyyət göstərən müharibə əleyhdarları, vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçiləri və jurnalistlər iştirak ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Brüsseldə qapalı görüş
Məlumatda deyilir ki, konfransın əsas məqsədi Avropa İttifaqı (Aİ) ilə rusiyalı demokratik qüvvələr arasında əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Tədbir Avropa Parlamenti üçün qeyri-adi dərəcədə sərt təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Müzakirələrin əksəriyyəti qapalı qapılar arxasında keçirilib, iştirakçıların hərəkəti isə xüsusi müəyyən edilmiş ərazi ilə məhdudlaşdırılıb. Təşkilatçılar bunu iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və açıq fikir mübadiləsi üçün zəruri addım kimi izah ediblər.
Müxalifət nümayəndələri və Aİ rəsmiləri bir arada
Açıq hissədə çıxış edən yeganə rusiyalı iştirakçı hüquq müdafiəçisi Svetlana Qannuşkina olub.
Daha sonra yayımlanan məlumatdan məlum olub ki, tədbirdə həmçinin Yuliya Navalnaya, İlya Yaşin, Mixail Xodorkovski və Vladimir Kara-Murza də iştirak ediblər. Bəziləri tədbirə videobağlantı vasitəsilə qoşulub.
Qannuşkina çıxışında Rusiyada vətəndaş cəmiyyətinin vəziyyətindən, siyasi repressiyalardan və Ukraynaya qarşı müharibənin nəticələrindən danışıb. O bildirib ki, müharibə artıq İkinci Dünya müharibəsinin Şərq cəbhəsindəki döyüşlərindən daha uzun sürür və bu, həm Rusiya xalqı, həm də bütün bəşəriyyət üçün faciədir.
Konfransda Aİ-ni genişlənmə məsələləri üzrə komissar Marta Kos, müdafiə məsələləri üzrə komissar Andrius Kubilius və Avropa Parlamentinin vitse-prezidenti Pina Piçerno təmsil ediblər. Onlar Rusiyanın demokratik qüvvələrinə və müstəqil mediaya dəstəyin Aİ strategiyasının mühüm hissəsi olduğunu vurğulayıblar.
Brüsselin mesajı və Ukraynaya dəstək
Tədbirin təşkilatçıları bildiriblər ki, Aİ Rusiyanın gələcəyini Ukraynaya qarşı müharibədən ayrı şəkildə nəzərdən keçirmir. Müzakirələrdə müharibənin uzunmüddətli nəticələri, Rusiyadakı repressiyalar, dezinformasiya ilə mübarizə və Ukraynada ədalətli sülhün əldə olunması yolları əsas mövzular sırasında olub.
Andrius Kubilius rus dilində etdiyi çıxışda Rusiyanın başlatdığı müharibənin ilk növbədə Ukrayna üçün faciə olduğunu, lakin eyni zamanda Rusiyanı da tənəzzül yoluna sürüklədiyini bildirib. Onun sözlərinə görə, Moskvanın Qərblə münasibətlərinin normallaşması yalnız Ukraynada ədalətli sülhün əldə olunmasından, qonşulara qarşı "imperiya müharibələri"nin dayandırılmasından və daxili repressiyaların sona çatmasından sonra mümkün ola bilər.
Kubilius çıxışının sonunda "Sizin və bizim azadlığımız naminə - Ukraynaya eşq olsun!" ifadəsini işlədib. Bu sözlər tədbirin ən çox diqqət çəkən məqamlarından biri olub və Aİ rəsmilərinin Ukraynaya dəstəyinin dəyişməz qaldığını bir daha nümayiş etdirib.