Budapeşt Kiyev və Kişinyovla bağlı vacib prosedur addımının qarşısını alıb, məsələ yenidən müzakirəyə çıxarılacaq




 
Ukrayna və Moldova Avropa İttifaqına üzvlük prosesində irəliləyiş gözlədiyi bir vaxtda Macarıstan yeni maneə yaradıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, Budapeşt hər iki ölkənin üzvlük danışıqlarının növbəti mərhələsinə keçməsi üçün vacib sayılan prosedur addımını bloklayıb. Nəşr qeyd edir ki, iyunun 15-də Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Ukrayna və Moldova üçün ilk rəsmi danışıqlar fəslinin açılmasını təsdiqləyib. Bu qərar hər iki ölkənin üzvlük yolunda mühüm mərhələ hesab olunur. Ukrayna və Moldovanın müraciətləri siyasi baxımdan bir-birinə bağlı olduğundan, onlardan birinin irəliləməsi digərindən ayrı mümkün deyil.

Budapeşt yenidən etiraz etdi
 
Məlumata görə, Macarıstan Avropa Şurası və Avropa Komissiyasına göndərilməsi planlaşdırılan, Aİ paytaxtlarının ümumi mövqeyini əks etdirən məktubun qəbuluna qarşı çıxıb. Diplomatik mənbələrin bildirdiyinə görə, buna etiraz edən yeganə ölkə məhz Macarıstan olub. Sənədin qəbul edilməsi üçün 27 üzv dövlətin hamısının razılığı tələb olunur. Məsələnin gələn həftə yenidən müzakirəyə çıxarılması gözlənilir. 
 
Nəşr yazır ki, bu addım Macarıstan baş naziri Peter Madyarın Ukraynanın Aİ-yə üzvlüyü məsələsində tutduğu ehtiyatlı mövqeyə uyğundur. Diplomatlardan birinin sözlərinə görə, Madyar ilk danışıqlar klasterinin açılmasına qarşı çıxmasa da, ötən həftə Brüsseldə keçirilən Aİ liderlərinin görüşünün yekun sənədindən Ukraynanın üzvlüyünün "mümkün qədər tez" irəliləməsi ilə bağlı ifadənin çıxarılmasında israr edib.
 
"Tələsmək düzgün siqnal olmaz"
 
Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Peter Madyar Ukraynanın bütün danışıq klasterlərinin eyni vaxtda açılmasının düzgün olmadığını bildirib. Onun sözlərinə görə, ilk klaster üzrə qərarın mürəkkəbi hələ qurumayıb və bütün mərhələlərin birdən açılması Qərbi Balkan ölkələrinə yanlış siqnal göndərə bilər: "Serbiya, Albaniya, Monteneqro və Şimali Makedoniya illərdir Aİ üzvlüyü üçün çalışırlar. Buna görə də bütün klasterlərin dərhal açılması düzgün addım olmaz", - deyə Macarıstanın baş naziri vurğulayıb.
 
Bu arada, Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova hesab edir ki, Ukraynanın 2030-cu ilə qədər Avropa İttifaqına qoşulması real perspektiv olaraq qalır. Onun sözlərinə görə, danışıqların sürəti Kiyevin qanunvericilik islahatlarını və xüsusilə korrupsiyaya qarşı mübarizə, eləcə də hüququn aliliyi sahəsində öhdəliklərini nə dərəcədə yerinə yetirəcəyindən asılı olacaq.
 
Eyni zamanda, Macarıstan rəsmiləri Zakarpatyedəki macar milli azlığının hüquqları ilə bağlı öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə Ukrayna ilə üzvlük danışıqlarının dayandırıla biləcəyi barədə xəbərdarlıq ediblər. Bu isə Kiyevin Aİ yolunda qarşıdakı aylarda da Budapeştin müqaviməti ilə üzləşə biləcəyini göstərir.