"Bal ayı"nın sonu: Tramp və Netanyahu arasında gərginlik artır - "Al-Akhbar"
24 Jun 2026, 15:48 25 baxış 3 dəq oxuma
ABŞ-İran razılaşması iki liderin uzun illər davam edən siyasi ittifaqını ciddi sınaq qarşısında qoyub
ABŞ ilə İran arasında əldə olunan razılaşma ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasındakı münasibətlərdə dönüş nöqtəsinə çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə Livanın "Al-Akhbar" nəşri yazıb.
İttifaq sınaq qarşısında
Nəşrin fikrincə, Vaşinqtonun diplomatik həll yoluna üstünlük verməsi ilə Təl-Əvivin müharibəni davam etdirmək istəyi arasında yaranan ziddiyyət iki liderin uzunmüddətli ittifaqını ciddi sınaq qarşısında qoyub.
Məqalədə qeyd olunur ki, Trampın 2025-ci ildə Ağ Evə qayıdışından sonra onun Netanyahu ilə yaxın əməkdaşlığı davam etsə də, münasibətlərdə fikir ayrılıqları getdikcə dərinləşib. ABŞ daxilində, xüsusilə "Öncə Amerika" tərəfdarları arasında İsrailin maraqları naminə Vaşinqtonun güzəştlərə getməsinə qarşı narazılıq artıb.
Nəşrin yazdığına görə, İranla razılaşma və atəşkəsdən sonra Netanyahu qarşısında seçim yaranıb: ya Trampın kursunu qəbul etmək, ya da ABŞ prezidenti ilə açıq qarşıdurmaya getmək. İsrail baş naziri hələlik birbaşa toqquşmadan yayınmağa çalışsa da, xüsusilə Livan məsələsində Vaşinqtonun bütün tələblərini yerinə yetirməyə hazır görünmür.
Açıq tənqidlər və sərt mesajlar
"Al-Akhbar" iddia edir ki, münasibətlərdəki gərginlik artıq açıq müstəviyə keçib. Nəşrin məlumatına görə, Tramp Netanyahunu sərt şəkildə tənqid edərək İranla razılaşmanı pozmağa yönəlmiş cəhdlərdən əl çəkməyə çağırıb. Netanyahu cavab verməsə də, onun hökumətindəki radikal siyasətçilər Vaşinqtonun təzyiqlərini rədd ediblər.
ABŞ vitse-prezidenti Cey Di Vensin "sizi bizim silahlarımız qoruyurdu" sözləri isə əlavə narazılıq yaradıb. Buna cavab olaraq bəzi israilli nazirlər "Biz sizdən əvvəl də burada idik, sizdən sonra da burada olacağıq" bəyanatını səsləndiriblər. Nəşrin qənaətinə görə, bu açıqlamalar Vaşinqton və Təl-Əviv arasında "bal ayı" dövrünün başa çatdığını göstərir.
Hər iki lider çətin seçim qarşısındadır
Bununla belə, nəşr Tramp-Netanyahu ittifaqının tam dağıldığını düşünmür. Netanyahu hələ də İsrail cəmiyyətinin mühüm hissəsinin dəstəyinə malikdir və geri addım atacağı təqdirdə həm seçici dəstəyini, həm də hakimiyyətini itirmək riski ilə üzləşə bilər.
"Al-Akhbar"ın fikrincə, qarşıdakı aylarda Tramp İranla razılaşmanı yekun sazişə çevirməyə çalışacaq, Netanyahu isə İsveçrədə aparılan danışıqların uğursuzluğa düçar olacağına ümid edərək onların qarşısını almağa çalışacaq. Beləliklə, ABŞ-İran razılaşması iki lider arasındakı münasibətlərin gələcəyini müəyyənləşdirən əsas amilə çevrilib.