“Ailəli xanımlar üçün aşıq olmaq çətindir, kişinin nəyinə lazım, qadın qədər nə əziyyət çəkir ki?” - ETİRAZ
25 Jun 2026, 08:55 25 baxış 3 dəq oxuma
“Aşıqlıq sərbəst sənət növüdür. Bu gün bəzi hallarda qadınların aşıq olmasını qəbul etməyən insanlar da var. Amma onlar bir şeyi unudurlar ki, bizim lap qədim dövrdə Aşıq Pəri, Aşıq Zərnigar, Aşıq Nabat, Şımpırlı Sevgili və s. qadın aşıqlarımız olub. Heç Şımpırlı Sevgili ailə həyatı belə qurmayıb. Ömrünü, gününü ancaq saza bağlayıb. Bizim Rəhilə Həsənova kimi sənətkarımız olub. O özünün “Sazçı qızlar” ansamblını yaradıb. Bu xanımlar həm aşıqlıq ediblər, həm söz söyləyiblər, həm də öz ev işlərini görüblər”.
Bunu Moderator.az-a tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva deyib.
O daha sonra qadın aşıqların yaşadığı çətinliklərdən danışıb:
“Qadından niyə aşıq olmaz ki?! Deyərdim ki, qadının aşıq olması ondan cəsarət tələb edir. Kişinin nəyinə lazım? Səhər yuxudan oyanır, sazını da çiyninə vurur və gedir toylarına. Yazıq qadın axşam toydadırsa, səhər tezdən durur, kişini işə yola salır, uşaqları geyindirir məktəbə yola salır, evi yığışdırır, yeməyini bişirir və toya gedir. Toydan da qayıdıb gəlir, yenə uşağın və kişinin köynəyini, əyin-başını yuyub təmizləyir, sonra başqa işlər görür. Bu baxımdan qadının üzərində böyük məsuliyyət hissi var. Qadın üçün aşıq olmaq çox çətindir. Hələ-hələ ailəli qadınlar üçün lap çətindir. Mən o vaxt evi də yola vermişəm, uşaqları da məktəbə yola salmışam, qastrol səfərlərində də olmuşam, toylarıma da getmişəm. O vaxt mən Azərbaycan Dövlət Konsert Birliyində işləyirdim. Hər 3 aydan bir xarici səfərlərə gedirdik. Meksika, İsveç, İrlandiya, Norveç, Almaniya, Hollandiya, Belçika və s. ölkələrdə olmuşam. Onlar bizi anlamırdılar. Amma qadının əlində saz çalıb, özünü müşayiət etməsi böyük sensassiya idi. Mən sazla qidalanmışam. Mənə hava və su lazım olan kimi, saz da həyatımda önəm daşıyıb. Saz sənətimi sevməyimdə atamla anamın böyük rolu var. Onlar məni pioner evinə qoyublar. Ustad yanına da getməmişəm. Evdə qramafon radio var idi, plastinkalara qulaq asırdım, anam da sözləri yazırdı. Mən mahnıları elə əzbərləmişəm. Həmişə də deyirəm ki, mənim ustadım ata və anam olub. Bu gün gündəmdə bizim gözəl qadın aşıqlarımız var. Onların bəziləri universitetdə dərs də deyirlər. Bunu danmaq olmaz. Qadınlarımız kişilərlə bərabər çiyin-çiyinə vuruşurlar. Saz sənətini yaşadan qadın və kişilərə böyük hörmətim var. Bu aləmdə sevmədiyim kimsə yoxdur”.