“Silahlı Qüvvələrimizin 8 Noyabr zəfəri xalqımızın tarixi qəhrəmanlıq ruhunun təntənəsidir”.


Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elşən Məhərrəmov bildirib. Müharibə veteranı qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri sadəcə ölkəmizdə deyil, bütün regionda sülhün, sabitliyin, təhlükəsizliyin təminatçısı rolunda çıxış edir:






“44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edən Azərbaycan Silahlı Qüvvələri uzun illərdir ki, erməni işğalında qalan torpaqlarımızı azad etdi. Dövlətimizin ərazi bütövlüyü, suverenliyi təmin olundu. Azərbaycan öz şanlı zəfəri ilə sübut etdi ki, o, iqtisadi baxımdan olduğu kimi, hərbi baxımdan da regionun lider dövlətidir.



Ordumuzun 8 Noyabr zəfəri erməni faşizminə ölümcül zərbə vurmaqla regional təhlükəsizliyi təmin etdi. Sadəcə Azərbaycan deyil, bütün regionda sülhün, təhlükəsizliyin təmini üçün əlverişli zəmin formalaşdı. Bu gün Cənubi Qafqazdakı mövcud sabitlik Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin gücü və fədakarlığı sayəsində mövcuddur. Və bu fakt bizə Azərbaycan Ordusunun necə böyük missiya daşıdığını, bu missiyanın öhdəsindən son dərəcə uğurla gəldiyini göstərir.


Mən 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün xalqımızın, eləcə də hər bir hərbçimizi təbrik edir, əsgər və zabitlərimizə xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də Müzəffər Ali Baş Komandanının, o cümlədən, Azərbaycan Ordusunun yanındadır və bundan sonra da hər zaman yanında olacaq”.


Seymur ƏLİYEV