DİQQƏTLİ OLUN! İlanlar avtomobillərin bu hissəsində gizlənir: “Salon, təkərin içi, matorxana...”
25 Jun 2026, 08:49 46 baxış 3 dəq oxuma
“Yay fəslinin gəlişi ilə əlaqədar olaraq ilanların aktivliyi artıb. Son günlər isə ilanlar avtomobillərin içinə girirlər. Bununla bağlı yəqin ki, son günlər sosial şəbəkələrdə yayılan video görüntüləri də izləmisiz. Belə ki, meşəyə və digər bölgələrə istirahətə gedən vətəndaşlar idarə etdikləri avtomobilləri sıx yaşıllıq olan yerlərdə saxlayırlar. Bu zaman ilanlar və digər sürünənlər avtomobilin müyyən hissələrində gizlənirlər. Elə yerlərdə gizlənirlər ki, heç sürücünün də ağlına gəlməz ki, orada hansısa canlı ola bilər. Bəzən də rayonlara gedəndə sürücülər asfalt yolun üstündə ilan görürlər. Çalışırlar ki, onlar ilanın üstündən keçib, onu öldürsünlər. İlanlar çox sürətli canlılardır. Elə olur ki, ilan ölmür, maşın gedə-gedə tullanır orada bir yerdən yapışır. Həmin ilan avtomobildə sürücünün xəbəri olmadan onunla kilometrlərlə yol qət edə bilər. Buna diqqət etmək lazımdır. Bu problemlə bizə müraciət edənlər də çoxdur. İlanlar sərin, gün düşməyən yerləri sevirlər. Avtomobilin alt hissəsi onların gizlənəcəyi və istirahət edə biləcəyi yerlərdən biridir”.
Bunu Moderator.az-a açıqlamasında avtomobil ustası Vüqar İmanov deyib.
Serpantoloq Anar Cəfərov isə bildirir ki, həmin ilanların avtomobildə gizlənməsinin məqsədi insana zərər vurmaq deyil:
“Hava şəraitinə görə bu baş verir. İsti havalarda sürünənlər qaçıb maşına tərəf gəlirlər. Maşına tərəf qaçanda onlar matorxanaya, təkərin içində olan boşluqlara girirlər. Onlar da insanlardan qaçıb orada gizlənib sığınmaq istəyirlər. Belə hallarla qarşılaşanda heç kim qorxmasın. Ehmalca olaraq avtomobili maşın yuduzdurma məntəqəsinə aparıb, alt hissəsinə sürətlə su vurulmalıdır. Daha bahalı avtomobillərin salonla əlaqəsi yoxdur. Yox əgər qeyri bahalı maşınların salonunda ilan aşkarlanarsa, ilan mütəxəssislərinə zəng edib xəbər vermək lazımdır. Onlar gəlib ilanları maşınların salonunda çıxarıb aparacaqlar”.