Azərbaycanda hərbi qulluqçular fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən rəsmi şəxsi jetonla təmin olunacaqlar.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Qanuna edilən dəyişikliyə əsasən, hərbi qulluqçuların xidmət etdikləri dövlət orqanları və ya həmin orqanların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin edilməsi rəsmiləşdirilib. Sənəddə şəxsi jetonun hüquqi tərifi də təsbit olunub. Belə ki, şəxsi jeton – həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır.
Dəyişikliklə həmçinin müəyyən edilib ki, hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası, eləcə də gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunacaq.