Ukraynanın müntəzəm pilotsuz uçuş aparatları hücumları Krımda vəziyyəti getdikcə çətinləşdirir.
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
Nəşr yazır ki, Ukrayna zərbələri işğal altındakı yarımadada təhlükəsizlik və logistika böhranını dərinləşdirir. Hərbi və nəqliyyat infrastrukturuna endirilən zərbələr elektrik kəsintilərinə, yanacaq məhdudiyyətlərinə və təchizat problemlərinə səbəb olur.
Nəşrin məlumatına görə, Yaltadan başqa yarımadanın böyük hissəsi faktiki olaraq döyüş zonasına çevrilib. Son hücumlar nəticəsində enerji xətləri, Kerçdəki neft terminalı və yük daşıyan bərə zədələnib ki, bu da Krımın logistikasına ciddi təsir göstərib.
Məqalədə qeyd olunur ki, Krım Rusiya üçün həm strateji hərbi baza, həm də 2014-cü il ilhaqından sonra siyasi simvol sayılır. Lakin son hadisələr fonunda yerli sakinlər arasında təhlükəsizliklə bağlı narahatlıq artır, gələcəyə inam isə zəifləyir. Nəşr vurğulayır ki, əvvəllər iqtisadi inkişaf gözləntiləri ilə yaşayan bir çox krımlı indi sadəcə sabit və sakit həyata qayıtmaq istəyir.