Alimlər müəyyən ediblər ki, qızılın paslanmamasının səbəbi təkcə onun kimyəvi cəhətdən zəif reaksiya verməsi deyil.
Moderator.az xəbər verir ki, bu barədə "dailymirror.com" nəşri yazıb.
Araşdırma zamanı məlum olub ki, qızıl səthində yaranan xırda zədələr zamanı metalın atomları özlərini yenidən təşkil edərək daha sıx və sabit quruluş formalaşdırır. Bu proses qızılın xarici təsirlərə qarşı davamlılığını artırır.
Mütəxəssislərin sözlərinə görə, yaranan xüsusi quruluş oksigen molekullarının metala yapışmasını və oksidləşmə prosesinin başlamasını demək olar ki, mümkünsüz edir. Nəticədə qızılın oksigenlə reaksiyası milyardlarla, hətta trilyonlarla dəfə zəifləyir.
Alimlər bildirirlər ki, qədim qızıl sikkə və zinət əşyalarının minilliklər boyu qorunub qalmasının əsas səbəbi məhz metalın atom səviyyəsində özünü "müdafiə etmək" qabiliyyətidir. Buna görə də qızıl tarix boyu ən dayanıqlı və qiymətli metallardan biri hesab olunur.