Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə İƏT-in işğal dönəmində Azərbaycana verdiyi siyasi-mənəvi dəstək qeyd olunub, eləcə də bu qurumun islam dövlətlərinin həyatında oynadığı rol yüksək qiymətləndirilib.


Bir çox baxımdan mühüm əhəmiyyət kəsb edən bu müraciətdə diqqət çəkən məqamlardan biri də, erməni faşizminin növbəti də konkret faktlar, inkaredilməz sübutlar əsasında beynəlxalq miqyasda ifşa edilməsidir. Prezident İlham Əliyev müraciətində ermənilərin işğal dönəmində Azərbaycan xalqına məxsus tarixi abidələri, məscidləri, memarlıq komplekslərini vəhşicəsinə dağıtdığını vurğulayıb, bununla bağlı konkret rəqəmlər səsləndirib:






“Təəssüf ki, işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdılmış və talan olunmuşdur. 67 məsciddən 65-i məhv edilmiş, qalan məscidlərə isə ciddi zərər vurulmuşdur. Bu müqəddəs yerlərin tövlə kimi istifadə olunması və orada dinimizdə haram sayılan heyvanların saxlanılması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqirdir. ICESCO və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bu vandalizm aktlarının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi missiyaları zamanı əyani şahidi olmuşdur.


Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər inşa edilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır”.


Xatırladaq ki, Prezident İlham Əliyev 44 gülük Vətən müharibəsindən öncə də dəfələrlə ermənilərin işğaldakı torpaqlardakı vəhşiliyi ilə bağlı  müsahibə və açıqlamalar verib, bütün dünyanı, eləcə də islam ölkələrini baş verənlərə qarşı biganə qalmamağa səsləyib. Azərbaycan hər zaman hesab edib ki, Ermənistanın məhv etdiyi məscidlər, dağıtdığı ibadətgahlar islam mədəni irsinə aiddir ki, bu irsin müdafiəsində bütün islam dünyası maraqlı olmağı, həmrəylik sərgiləməlidir.


Bu baxımdan, Müzəffər Ali Baş Komandanın İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində bu fakta yenidən diqqət çəkməsi onun sözügedən məsələyə xüsusi həssaslıqla yanaşdığını göstərir. Eyni zamanda, bu, onu göstərir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizin azad olunmasına, dağıdılan abidələrin bərpası prosesinə başlamağımıza baxmayaraq, dünya ictimaiyyətinin erməni vəhşilikləri haqqında məumatlanmasını vacib sayır, buna xüsusi önəm verir.


Əminliklə demək olar ki, Prezidentin sessiya iştirakçılarına məlum müraciəti islam ölkələrinin erməni faşizminin vəhşilikləri haqqında məlumatlanmasında mühüm rol oynayacaq, Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verəcək.


Seymur ƏLİYEV