Müasir texnologiyalar seysmik riskləri qiymətləndirməyə imkan versə də, zəlzələnin dəqiq vaxtını və yerini öncədən müəyyən etmək hələ mümkün deyil.
Moderator.az xəbər verir ki, bu barədə "segodnya.ru" nəşri yazıb.
Zəlzələlər Yer qabığını təşkil edən tektonik plitələrin hərəkəti nəticəsində baş verir. Bu nəhəng plitələr daim bir-birinə yaxınlaşır, uzaqlaşır və ya sürtünür. Gərginlik kritik həddə çatdıqda süxurlar qırılır və böyük enerji ayrılması yeraltı təkanlara səbəb olur.
Ən güclü zəlzələlər adətən plitələrin sərhədlərində qeydə alınır. Sakit okeanın "Odlu halqası" və Alp-Himalay seysmik qurşağı dünyanın ən təhlükəli bölgələri hesab olunur.
Mütəxəssislər vurğulayır ki, zəlzələnin dağıdıcı təsiri yalnız maqnitudadan asılı deyil. Ocağın dərinliyi, episentrə məsafə, torpağın xüsusiyyətləri və tikililərin möhkəmliyi də mühüm rol oynayır.
Uzun illər aparılan araşdırmalara baxmayaraq, alimlər hələ də zəlzələnin dəqiq nə vaxt və harada baş verəcəyini proqnozlaşdıra bilmirlər. Yeraltı suların səviyyəsi, qaz emissiyaları, elektromaqnit dəyişiklikləri və heyvanların davranışı kimi mümkün əlamətlər universal nəticə verməyib.
Bununla belə, bəzi ölkələrdə erkən xəbərdarlıq sistemləri fəaliyyət göstərir. Bu sistemlər ilk zəif seysmik dalğaları qeydə alaraq əsas təkanlardan bir neçə saniyə əvvəl xəbərdarlıq edir ki, bu da insanların və infrastrukturun qorunmasına kömək edir.