Gözün buynuz qişasının transplantasiyası irsi xəstəliklər, travmalar və digər zədələr nəticəsində görmə qabiliyyətini itirmiş insanlara kömək edir.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Beylinson" xəstəxanasının buynuz qişası və ürək qapaqları bankının əməkdaşı Siqalit Gelfond bildirib.
Məlumatı "dramedical.ru" nəşri yayıb.
Onun sözlərinə görə, xəstələr donor buynuz qişasını adətən təxminən bir il gözləyirlər. Xəstəxanada hər il 130-140 belə əməliyyat həyata keçirilir.
Mütəxəssis qeyd edib ki, buynuz qişası toxuma hesab olunduğundan donor və resipiyent arasında qan qrupu və digər uyğunluqlar tələb olunmur.
Əməliyyatların təxminən 90 faizi uğurlu nəticə verir və xəstələrin görmə qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.
Hazırda süni buynuz qişaların yaradılması üzərində tədqiqatlar aparılsa da, hələlik görmə qabiliyyətinin bərpası əsasən donor toxumalarından asılıdır.