ABŞ-ın Nyu-Meksiko ştatında "Qızıl Günbəz" ("Golden Dome") adlı yeni çoxsəviyyəli raketdən müdafiə sisteminin ilk sınağı uğurla başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib. Məlumatı "nv.ua" nəşri yayıb.
Yeni raketdən müdafiə sistemi ABŞ-ı Rusiya və Çindən gələn mümkün təhlükələrdən qorumaq üçün hazırlanır. "Qızıl Günbəz" layihəsi Yer orbitində yüzlərlə peykin yerləşdirilməsini nəzərdə tutur.
Bu peyklər düşmən raketlərini uçuşun ilkin mərhələsində aşkar edib məhv etməyə xidmət edəcək. Layihə 2025-ci ilin yanvarında ABŞ prezidenti Donald Trampın imzaladığı fərman əsasında başlayıb.
Sistem ideya baxımından Ronald Reyqanın 1983-cü ildə irəli sürdüyü Strateji Müdafiə Təşəbbüsünün davamı hesab olunur və adını İsrailin "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemindən götürüb.
Ağ Ev layihənin dəyərini 175 milyard dollar qiymətləndirsə də, ABŞ Konqresinin Büdcə İdarəsi onun həyata keçirilməsinin təxminən 20 il çəkəcəyini və ən azı 500 milyard dollara başa gələcəyini bildirir.