Müvəqqəti işğal altında olan Krım və Sevastopolda regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub. 




 
Moderator.az xəbər verir ki, bu barədə Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbəri Sergey Aksyonov məlumat verib. Məlumatı "interfax.ru" nəşri yayıb.
 
Onun sözlərinə görə, qərar Sevastopolun Rusiya tərəfindən təyin olunmuş rəhbəri Mixail Razvojayev ilə razılaşdırılıb. Aksyonov bildirib ki, fövqəladə vəziyyət dəymiş ziyanın aradan qaldırılması, maliyyə və müqavilə prosedurlarının sadələşdirilməsi məqsədi daşıyır.

Razvojayev isə yarımadada enerji təminatının hələ də mürəkkəb olaraq qaldığını, bərpa işlərinin davam etdiyini və yaxın sutka ərzində Sevastopolda elektrik təchizatının tam bərpa olunacağına ümid etdiklərini deyib.
 
Ukrayna mənbələrinin məlumatına görə, son günlər Ukrayna pilotsuz uçuş aparatlarının hərbi və enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra Krımda elektrik kəsintiləri tətbiq olunub, yanacaq satışı məhdudlaşdırılıb və uşaq yay düşərgələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.
 
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, "Madyar" çağırış adı ilə tanınan mayor Robert Brovdi bildirib ki, Ukrayna dronları Sevastopolun əsas elektrik yarımstansiyasına yeddi dəfə zərbə endirib.