Naməlum mərminin ticarət gəmisini vurmasından sonra Hörmüz boğazında təhlükəsizliklə bağlı narahatlıq yenidən artıb.


Hörmüz boğazında naməlum mərmi Sinqapur bayrağı altında üzən "Ever Lovely" konteyner gəmisinə dəyib. Nəticədə gəminin bortu və kapitan körpüsü zədələnib. 






Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri məlumat yayıb.


Hadisədən sonra Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi digər gəmilərə ehtiyatlı olmağı tövsiyə edib. İnsidentdən sonra azı üç kommersiya gəmisi, o cümlədən iki supertanker marşrutunu dəyişərək geri dönüb. 


Məlumata görə, bəzi gəmilər İran hərbi dəniz qüvvələrindən xəbərdarlıq aldıqlarını bildiriblər. Hadisə ABŞ və İran arasında əldə olunmuş müvəqqəti razılaşmadan sonra qeydə alınan ilk hücum hesab edilir və Hörmüz boğazında gəmiçiliyin bərpasına zərbə vura bilər. 


Xəbərin fonunda "Brent" markalı neftin qiyməti yenidən yüksəlib. Ağ Ev hücuma görə məsul tərəfin hələ müəyyən edilmədiyini açıqlayıb. Ölən və ya ətraf mühitə ciddi ziyan dəydiyi barədə məlumat verilməyib.