“Bir çox hallarda qiymət keyfiyyət göstəricisi kimi hesab olunur. Alıcı fikirləşir ki, əgər bahalıdırsa yaxşı məhsuldur, ucuzdursa yaxşı deyil. Amma nəzərə almaq lazımdır ki, bəzən müxtəlif səbəblərdən məhsulları öz dəyərindən aşağı da sata bilərlər. Bazarda hər hansısa zərərlə məhsul satılırsa, bu müştəriləri cəlb etmək, yaxud da anbarda mal qalıb və son istifadə müddətinə az qalıbsa bu səbəblə satışa çıxa bilər. Yaxud da məhsul maya dəyərindən aşağı satılırsa, bu zaman da həmin məhsulun keyfiyyətini araşdırmaq lazımdır. Əgər məhsulun üzərində son istifadə tarixi varsa, istehsal müddəti yazılıbsa, eyni zamanda da keyfiyyətli məhsuldursa, dövlət nəzarətindən keçən yerdə satılırsa bu zaman heç bir qorxu yoxdur”.


Bunu Moderator.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 






O daha sonra son günlər yumurtaların ucuz satıldığını bildirib. Müsahibimiz həmçinin köhnə yumurtanı təzə yumurtadan ayırd etməyin üsullarından da söz açıb:


“Hər bir halda yumurtanın köhnə olmadığından əmin olmaq lazımdır. Əgər yumurtanın ağı həddindən artıq suludursa, durudursa, sarısı tez dağılırsa, dadı, qoxusu dəyişilirsə, onun üzərindəki qabıq təbəqə zəifləyibsə bunlar onun köhnə olduğunu göstərir. Mütləq şəkildə də yumurtanı qırdırqdan sonra pis qoxu, rəng dəyişikliyi, görünüşündə normaldan fərqli bir dəyişiklik varsa, bu yumurtanın xarab olduğunu göstərir. Bizim qanunvericiliyə görə markalanmada tarix və məlumatlar tələb olunur. Əgər üzərində istehsal tarixi olmayan, mənşəyi bəlli olmayan yumurta varsa onlar riskli məhsullar sırasındadır” deyə Məhsəti Hüseynova deyib.