Almaniya parlamentində keçirilən debatlarda iqtidar və müxalifətin bir hissəsi Ukraynaya dəstəyi müdafiə edib, ifrat sağçı AfD isə ölkənin maraqlarının hər şeydən üstün olduğunu bəyan edib.


Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.






Məlumatda deyilir ki, Almaniya Bundestaqında Rusiya-Ukrayna müharibəsi növbəti dəfə müzakirə olunub. Debatın təşəbbüskarı ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası olub.


Partiya nümayəndələri Ukraynaya maliyyə yardımının dayandırılmasını tələb edərək, bu vəsaitin Almaniyanın sosial problemlərinə yönəldilməsinin vacib olduğunu bildiriblər.


AfD-dən Aleksander Qauland deyib ki, Ukrayna müharibəni davam etdirmək istəyirsə, bu onun seçimidir, lakin Almaniya buna görə məsuliyyət daşımamalıdır. 


Partiyanın digər deputatı Markus Fronmayer isə "Almaniyanın maraqları hər şeydən əvvəl gəlir" ifadəsini işlədərək, hökuməti ölkədə həyat səviyyəsinin aşağı düşməsində və sosial xərclərin çatışmazlığında ittiham edib.


Müzakirələr zamanı Qauland Vladimir Putinin məqsədini I Pyotrun imperiyasını bərpa etmək cəhdi ilə müqayisə etsə də, həmin imperiyanın Berlinə qədər çatmadığını vurğulayıb.


Hakim Xristian Demokrat İttifaqı (CDU) deputatı Knut Abraham isə bu fikrə cavab olaraq bildirib ki, I Pyotrun imperiyasına Baltikyanı ölkələr və Finlandiya da daxil idi. Onun sözlərinə görə, Ukrayna məğlub olarsa, Avropa İttifaqı ölkələri üçün təhlükə daha da artacaq.


Hakim koalisiya və "Yaşıllar" partiyası Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb, AfD-ni Moskva ilə yaxın əlaqələrdə ittiham edib. Debat zamanı Fronmayerdən Putinin Ukraynada uğur qazandıqdan sonra dayanacağına zəmanət verə bilib-bilməyəcəyi soruşulsa da, o bu suala cavab verməyib.