Alimlər bildiriblər ki, Qərbi Avropanı bürüyən rekord istilər insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olmasaydı, demək olar ki, mümkün olmazdı.
Moderator.az xəbər verir ki, bu barədə "World Weather Attribution" (WWA) təşkilatının ("Dünya Hava Hadisələrinin Səbəblərinin Müəyyənləşdirilməsi"-red.) iqlimşünas alimlər qrupunun təhlilində bildirilir.
Alimlərin sözlərinə görə, bu, müşahidələr tarixində Avropada qeydə alınan ən güclü isti dalğalarından biridir. Araşdırmaya əsasən, Avropanın 800-dən çox şəhərinin 45 faizində iyunun sonunda təhlükəli istilik stresi müşahidə olunur və ya gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, qalıq yanacaqların yandırılması nəticəsində yaranan istixana qazları Yer kürəsinin orta temperaturunu sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə təxminən 1,4 dərəcə artırıb.
Hazırda Avropa Yer kürəsində ən sürətlə istiləşən qitə hesab olunur. Böyük Britaniya, İsveçrə və Fransada iyun ayı üçün rekord temperatur qeydə alınıb. Parisdə temperatur 40,9 dərəcəyə çatıb, şəhərdə ictimai yerlərdə spirtli içki qəbulu müvəqqəti qadağan edilib.
Alimlər xəbərdarlıq edir ki, yüksək gecə temperaturu orqanizmin bərpasına mane olur və isti dalğalarının ölüm riskini artırır. Xatırladılır ki, 2022-ci ilin yayında Avropada baş verən isti dalğaları 60 mindən çox insanın həyatına son qoymuşdu.