Prezidentin 24 iyun tarixli müraciəti bu həqiqəti bir daha sübut etdi
İslamofobiyanın müasir dünyamızın əsas problemlərindən birinə çevrildiyi, islam ölkələri və müsəlmanların bu problemdən ciddi şəkildə əziyyət çəkdiyi heç kimə sirr deyil. Məlum problemlə bağlı təəssüf doğuran bir sıra məqamlar var ki, bunlardan biri də islamofobiyanın bəzi dövlətlərin siyasi kursuna ciddi şəkildə təsir göstərməsi ilə bağlıdır. Bəzi Qərb ölkələri, xüsusilə də Fransa, eləcə də, bu ölkənin media orqanlarının Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe, sərgilədiyi qərəzli və ədalətsiz münasibət bunun isbatıdır.
Fransa və bəzi Qərb dairələrinin Azərbaycana münasibətdə islamofobiya elementləri sərgiləməsinin daha bir nümunəsi bu dairələrin Ermənistan tərəfindən islam mədəni irsinə qarşı törədilən vəhşiliklərə göz yummasıdır. Xatırladaq ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazisində islam dininə məxsus demək olar ki, bütün mədəni abidələri, o cümlədən, məscidləri dağıdıb, onları yerlə-bir edib. Lakin bugünə qədər nə Fransa, nə də digər Qərb ölkələri Ermənistanın bu vəhşiliyini qınayan hər hansı bəyanatla çıxış etməyib, bu vəhşiliklə bağlı saysız-hesabsız faktları görməzdən gəliblər. Bu azmış ki, həmin ölkələr öz ərazilərində məskunlaşan müsəlmanlara qarşı da ciddi dözümsüzlük sərgiləyib, onları təhqir və psixoloji işgəncələrə məruz qoyublar. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2026-cı il tarixində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciət xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı sözügedən müraciətində müasir dünyada islamofobiyanın mövcud vəziyyətinə aydınlıq gətirib, bu problemin bəşəriyyətin birliyi, sabitliyi və həmrəyliyi baxımından ciddi təhdid olduğunu bildirib:
“Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir”. (https://president.az/az/articles/view/72811 )
Sitatdan da göründüyü kimi, dövlət başçısı hətta bəzi beynəlxalq təşkilatların da anti-islam tendensiyasına qoşulduğunu təəssüf hissi ilə qeyd edir. Prezident vurğulayır ki, islamı terrorizm ilə eyniləşdirmək cəhdi islam dininin mahiyyətinə ziddir və bu, insanlarda yanlış təsəvvür yaratmağa xidmət edən qərəzli davranışdır.
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciətində diqqət çəkən nüanslardan biri də islamofobiyaya qarşı mübarizənin vacibliyidir. Bu mübarizənin zəruriliyinə toxunan dövlət başçısı ilk növbədə Azərbaycanın bu sahədə gördüyü işlərə diqqət çəkib, atılan addımların beynəlxalq miqyasdakı əhəmiyyətini vurğulayıb:
“İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir.
Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür. 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir”. (https://president.az/az/articles/view/72811 )
Bəli, Azərbaycan islamofobiyanın genişləndiyi bir zamanda bu problemə qarşı mütəmadi şəkildə mübarizə aparmaqla yanaşı, beyəlxalq birliyi də bu mübarizəyə cəlb etmək, məlum mübarizədə həmrəyliyi təmin etmək baxımından mühüm addımlar atır. Dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına hər zaman böyük önəm verən Azərbaycan, bu faktoru islamofobiyaya qarşı mübarizə sahəsində də ən effektiv vasitələrdən biri hesab edir. Azərbaycan dövləti haqlı olaraq hesab edir ki, bütün dünyada sülhün, həmrəyliyin bərpası üçün dinlərarası və mədəniyyətlərarsı dialoqun inkişafı, dövlət və hökumətlərin bu məsələyə səmimi yanaşması vacibdir.
İslamaofobiyaya qarşı mövcud mübarizə istiqamətində aparılan təhlillər Azərbaycanın sözügedən problemə qarşı mübarizənin həm siyasi-diplomatiki, həm də mənəvi-ideoloji mərkəzi rolunda çıxış etdiyini göstərir. Prezidentin müraciətində yer alan bütün faktlar da onu söyləməyə əsas verir ki, Azərbaycan islamofobiyaya qarşı qlobal mübarizənin mərkəzidir və bundan sonra da bu mübarizənin avanqardı rolunda çıxış edəcək.
Seymur ƏLİYEV