"Məqsədimiz Rusiyanın hərbi potensialının zəifləmə nöqtəsinə çatmaqdır" - general Sırski
27 Jun 2026, 13:53 29 baxış 2 dəq oxuma
Ukraynanın məqsədi müharibəni Rusiyanın hərbi imkanlarının zirvəni keçərək zəifləməyə başlayacağı mərhələyə çatdırmaqdır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "The Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hələlik müharibədə dönüş nöqtəsinin baş verdiyini söyləmək tezdir.
Sırski qeyd edib ki, hazırda Ukrayna ordusunun əsas vəzifələri mövqeləri qorumaq, Rusiyanın səfərbər edə bildiyindən daha çox canlı qüvvəsini sıradan çıxarmaq, pilotsuz uçuş aparatları ilə logistikanı iflic etmək və uzaqmənzilli zərbələrlə Rusiyanın neft-qaz və hərbi-sənaye infrastrukturuna ziyan vurmaqdır.
Baş komandanın sözlərinə görə, Ukrayna hazırda cəbhədə FPV tipli zərbə dronlarından istifadə baxımından Rusiyanı təxminən 1,7-2 dəfə üstələyir. O bildirib ki, müasir texnologiyalar müharibənin gedişində həlledici rol oynayır və bu üstünlüyü qorumaq həyati əhəmiyyət daşıyır.
Sırski eyni zamanda xəbərdarlıq edib ki, Rusiyanın böyük hərbi potensialı, xüsusilə silah sistemləri və canlı qüvvə baxımından üstün imkanları qalmaqdadır. Onun sözlərinə görə, Ukrayna ərazisində hazırda təxminən 721 min Rusiya hərbçisi yerləşir.