"Moskva sakinləri ilk dəfə müharibənin təsirlərini hiss etməyə başlayıb" - "Financial Times"
27 Jun 2026, 14:36 30 baxış 2 dəq oxuma
Ukraynanın son aylarda Moskva və ətrafına pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr Rusiya paytaxtı sakinlərinə ilk dəfə genişmiqyaslı müharibənin nəticələrini hiss etdirib.
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
Nəşrin məlumatına görə, insanlar zirzəmilərə sığınıb, yanğınların şahidi olub və avtomobillərinin üzərinə neft emalı zavodundan yayılan çöküntülərin düşdüyünü bildiriblər.
Məqalədə qeyd olunur ki, Ukraynanın Moskva Neft Emalı Zavoduna zərbələri yanacaq qıtlığı ilə bağlı narahatlıqları artırıb. Zavodun fəaliyyətinin ən azı altı ay müddətinə dayandığı, yanğının isə yaxınlıqdakı "Sadovod" topdansatış bazarına keçərək mağazalara və mallara ciddi ziyan vurduğu bildirilir.
Nəşr yazır ki, bəzi Moskva sakinləri hücumlarla bağlı vaxtında xəbərdarlıq almadıqlarından şikayət ediblər. Bununla yanaşı, sərhədyanı Belqorod vilayətinin sakinlərindən biri paytaxt əhalisinin də illərdir sərhəd bölgələrinin yaşadığı vəziyyəti indi hiss etdiyini deyib.
Politoloq Andrey Kolesnikovun sözlərinə görə, pilotsuz aparat hücumlarını görməməzlikdən gəlmək mümkün olmasa da, bu hadisələr bir çox moskvalı üçün artıq adi reallığa çevrilib. O hesab edir ki, baş verənlər Kremlin siyasətinə ciddi təsir göstərməyib və əksinə, gərginliyin daha da artmasına səbəb ola bilər.