Rusiyada "Ədalətli Rusiya" partiyasının deputatları müdafiə qabiliyyətinə və dövlət təhlükəsizliyinə zərər vuran korrupsiya cinayətləri törədən şəxslər üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim ediblər.




 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Partiya lideri Sergey Mironov bildirib ki, müdafiə obyektlərinin tikintisi, silah və sursat istehsalı, eləcə də ordunun təchizatı zamanı mənimsəmə adi korrupsiya deyil, dövlətə xəyanət kimi qiymətləndirilməlidir. 
 
Onun sözlərinə görə, belə cinayətlər casusluq və dövlətə xəyanətlə eyni səviyyədə cəzalandırılmalıdır.
 
Qanun layihəsində "ölkənin müdafiə qabiliyyətinə və vətəndaşların təhlükəsizliyinə zərər vuran korrupsiya fəaliyyəti" adlı yeni cinayət tərkibinin yaradılması təklif olunur. Sənəddə Çin, Vyetnam və Tailanddakı təcrübəyə də istinad edilir.
 
Qeyd edək ki, Rusiyada ölüm hökmü qanunvericilikdə nəzərdə tutulsa da, 1997-ci ildən qüvvədə olan müddətsiz moratorium səbəbindən tətbiq edilmir.