Ukraynanın son aylarda Krım və Rusiyanın müxtəlif bölgələrinə endirdiyi zərbələr müharibənin təsirlərini ilk dəfə geniş şəkildə Rusiya cəmiyyətinə hiss etdirib.


Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.






Nəşrin məlumatına görə, Krımda yanacaq qıtlığı yaranıb, elektrik və su təchizatında problemlər yaşanır, turistlər isə yarımadanı tərk edirlər.


Məqalədə bildirilir ki, Krımda fövqəladə vəziyyət rejimi elan edilib. Bu rejim yerli hakimiyyətə əhalinin təxliyəsi və fövqəladə xərclərin operativ şəkildə həyata keçirilməsi üçün əlavə səlahiyyətlər verir.


Nəşrin yazdığına görə, Ukraynanın zərbələri Kremlin müharibənin nəticələrini Rusiya cəmiyyətindən gizlətmək imkanlarını zəiflədib. Eyni zamanda, dövlətə yaxın sosioloji xidmətlərin sorğularına əsasən, Vladimir Putinin reytinqi 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri ən aşağı səviyyəyə düşüb.


Nəşr qeyd edir ki, Putin son hücumlarla bağlı ictimaiyyət qarşısında az danışıb və pilotsuz uçuş aparatlarının zərbələrini Ukraynanın Rusiya cəmiyyətini təşvişə salmaq cəhdi kimi qiymətləndirib.