Tanınmış xanəndə Kamilə Nəbiyeva Özbəkistanın Amanqan şəhərində keçirilən üçüncü Xalqaro Beynəlxalq Maqom Festivalında 1-ci yerə çıxıb.
O bu haqda Moderator.az-a özəl açıqlama verib:
"Hazırda Özbəkistanın paytaxtı Daşkənddəyəm. Dünən Amanqan şəhərində keçirilən festivalda 1-ci yerin qalibi oldum. Beləliklə də 28 ölkə arasında Azərbaycanı qalib etdik. Bu mənim üçün həqiqətən də xoşbəxtlikdir. Bu tək mənim yox, Azərbaycan muğamının qalibiyyətidir. Çox sevinirəm. 2011-ci ildəki Muğam Televiziya müsabiqəsindən 15 il sonra mən ilk dəfə olaraq hansısa müsabiqəyə və festivala qatıldım. Bunun həyəcanı böyük idi. Hər dəfə uğur qazananda, ölkəmiz qalibiyyət əldə edəndə muğam sənətindəki ilk illərimi, bu sənətdə çəkdiyim çətinlikləri göz önümə gətirirəm. Muğam müsabiqəsindəki həyəcanı eynən bu festivalda da yaşadım.
Kimliyindən asılı olmayaraq səhnə həyəcanı, məsuliyyəti olmalıdır. Bu olmazsa uğur qazanmaq olmaz. Bu axşam Azərbaycana qayıdırıq və çox sevincliyik" deyə Kamilə Nəbiyeva bildirib.
Qeyd edək ki, UNESCO, ISESCO, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, dünyanın 80 ölkəsindən gələn 250-dən çox mədəniyyət və incəsənət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və diplomatların iştirak etdiyi festivalda ölkəmizi Kamilə Nəbiyeva təmsil edərək qalibiyyət qazandırıb.