“Atamla Kadir İnanırın çox gözəl dostluq münasibəti olub. O vaxt bir neçə film festivalında görüşüblər. Buna misal olaraq 1978-ci ildəki Daşkənddəki kino festivalını nümunə göstərə bilərəm. Atam da Türkiyəyə gedəndə Türkan Şorayla, Fatma Giriklə, Kadir İnanırla bir araya gəlirdilər. Hətta Kadir İnanırla Türkan Şoray atama imzalı şəkillərini də vermişdilər. Allah rəhmət etsin. Böyük sənətkarların hamısı bir-bir bizi və bu dünyanı tərk edir”


Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, mərhum sənətkar Ənvər Həsənovun qızı Aytən Həsənova deyib. O daha sonra bildirib ki, Azərbaycanın aktyorları əvəzolunmazdırlar:








“Türkiyənin müasir filmlərinə baxanda görürsən ki, cavan da olsa çox istedadlı aktyorlar var. O gənclərdən kimlərsə haçansa bəlkə də Kadir İnanırı, Türka Şorayı və digər böyük sənətkarları əvəz edə bilərlər. Onların gələcəyinə inanıram. Amma Rasim Balayevi, Ənvər Həsənovu, Ramiz Əzizbəylini və başqa sənətkarlarımızı bizim gənclərdən heç kim heç vaxt əvəz edə bilməyəcək. İstəyir kino sahəsində, istəyir teatrda, istərsə də musiqi sahəsində.. O aktyorlar elə o filmlərlə getdilər. Bilmirəm bizdə aktyoru yaxşı yetişdirmirlər, ya cavanlarda o həvəs yoxdur. Hər şeyi başdansovdu etməklə böyük zirvələri fəth etmək olmaz. O sənətkarlar əvəzolunmazlardır.


Belə aktyorlar daha Azərbaycanda olmayacaq. Bəlkə də 50 ildən sonra nəsə ola bilər, amma buna da tam inanmıram. Heç kimin xətrinə də dəymək istəmirəm, bəlkə də belə uşaqlar var. Amma biz görmürük. Ola bilər ki, onlar özləri olub, öz möhürlərini vura bilərlər. Amma əvəzolunmaz sənətkarları əvəz edə bilməzlər” deyə sənətkarın övladı bildirib.